RU

AZAL-la bağlı SENSASİYA: Təyyarələr satılır, xidmət xaricilərə ötürülür

Son dövrlərdə AZAL (Azərbaycan Hava Yolları) ətrafında müzakirələr yenidən alovlanıb. Sərnişinlərin artan narazılığı fonunda ortaya çıxan yeni iddialar ölkənin milli aviasiya brendinin gələcəyi ilə bağlı ciddi suallar doğurur.

NOCOMMENT.az xəbər verir ki, bir çox vətəndaşın sözlərinə görə, AZAL brendi altında həyata keçirilən uçuşlarda artıq əvvəlki mənzərə yoxdur.

Əgər əvvəllər təyyarəyə daxil olan sərnişin Azərbaycan dilində qarşılanırdısa, indi bu halla nadir rastlaşılır. Sərnişinlər bildirirlər ki, heyət üzvləri əsasən xarici dillərdə ünsiyyət qurur, bəzi hallarda isə Azərbaycan dilində xidmət ümumiyyətlə təqdim edilmir.

Uçuş var, amma AZAL yoxdur? Məlumata görə, bu dəyişikliklərin əsas səbəblərindən biri bəzi reyslərin birbaşa AZAL tərəfindən deyil, Litva mənşəli “Heston Airlines” şirkəti tərəfindən həyata keçirilməsidir. 2021-ci ildən fəaliyyət göstərən bu çarter aviaşirkəti müxtəlif ölkələrin milli daşıyıcıları ilə əməkdaşlıq edir və onların brendi altında uçuşlar icra edir.

Bu əməkdaşlıq nəticəsində maraqlı bir paradoks yaranır: sərnişin AZAL-dan bilet alır, lakin təyyarədə tam fərqli bir xidmət modeli ilə qarşılaşır. Kabin heyəti Azərbaycan dilini bilmir, xidmət standartları dəyişir və nəticədə sərnişin özünü “yerli deyil, tranzit” mühitdə hiss edir.

Narazılığın kökündə nə dayanır?

Məsələ təkcə dil baryeri ilə məhdudlaşmır. Burada əsas narahatlıq doğuran məqam milli kimlik və brend məsələsidir. AZAL uzun illərdir ki, Azərbaycanın aviasiya simvolu kimi çıxış edib. Bu brend yalnız uçuş xidməti deyil, həm də ölkənin təqdimatı, mədəniyyətin bir parçası kimi qəbul olunub.
Sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılan rəylərdə qeyd olunur ki, Azərbaycan dilində xidmətin olmaması narahatlıq yaradır, xarici heyətin davranış standartları fərqli olur və milli aviaşirkət imici zəifləyir.

Xidmət xarici şirkətlərə ötürülür?

Mövzu ilə bağlı danışan bəzi ekspertlər isə prosesin daha dərin olduğunu iddia edirlər. Onların fikrincə, AZAL tədricən klassik milli daşıyıcı modelindən uzaqlaşaraq daha çox “outsourcing”, yəni xidmətlərin xarici şirkətlərə ötürülməsi strategiyasına keçid edir.

Bu çərçivədə səsləndirilən ən diqqətçəkən iddialardan biri isə təyyarə parkı ilə bağlıdır. Bildirilir ki, şirkətin bəzi təyyarələri mərhələli şəkildə satışa çıxarılır. Bu ehtimalların arxasında isə maliyyə öhdəlikləri və kredit borclarının dayandığı vurğulanır.

Milli kadrlar kölgədə qalır? Müzakirələrin digər vacib istiqaməti insan resursları ilə bağlıdır. Azərbaycan aviasiya sahəsində ciddi kadr potensialına malikdir. Xüsusilə Azərbaycan Milli Aviasiya Akademiyası regionun ən nüfuzlu təhsil ocaqlarından biri sayılır. Bu akademiyanın məzunları beynəlxalq səviyyədə tanınır, AZAL pilotlarının peşəkarlığı illərdir yüksək qiymətləndirilir.

Belə bir potensial mövcud olduğu halda xarici heyətə üstünlük verilməsi cəmiyyətdə haqlı suallar yaradır: Yerli mütəxəssislər niyə kənarda qalır? Milli kadr siyasəti dəyişirmi?

Hələlik rəsmi qurumlar tərəfindən bu iddialarla bağlı geniş və detallı açıqlama verilməyib. Lakin bir məsələ aydındır ki, sərnişinlərin narazılığı artıq tək-tək şikayət səviyyəsindən çıxaraq ümumi narazılığa çevrilib.\\sfera.az

Избранный
32
nocomment.az

1Источники