RU

Tehranda edam maşını dayanmır – Hərbi bazaya hücumda ittiham olunan gənc asıldı

İran hakimiyyəti bu ilin yanvar ayında ölkəni bürüyən kütləvi etiraz aksiyalarının daha bir iştirakçısı barəsində çıxarılan ölüm hökmünü icra edib.

Musavat.com xəbər verir ki, İran Məhkəmə Sisteminin rəsmi xəbər agentliyi olan "Mizan" bazar ertəsi — 6 aprel 2026-cı il tarixində Əli Fəhim adlı şəxsin asılaraq edam edildiyini açıqlayıb.

Əli Fəhim yanvar ayındakı iğtişaşlar zamanı odlu silah ələ keçirmək məqsədilə hərbi bazaya hücum etməkdə təqsirli bilinib. İstintaq onun bazanın infrastrukturuna ciddi ziyan vurduğunu iddia edib.

"Mizan" agentliyi edamın dəqiq saatını və yerini açıqlamasa da, hökmün artıq icra olunduğunu təsdiqləyib. Hüquq müdafiəçiləri edamın Tehrandakı "Evin" və ya "Qızıl-Hasar" həbsxanasında gizli şəkildə həyata keçirildiyini ehtimal edirlər.

Digər edam edilən etirazçılar kimi, Fəhim də "Allaha qarşı müharibə" və "yer üzündə fitnə-fəsad törətmək" maddələri ilə ən ağır cəzaya məhkum olunub.

Bu, son 48 saat ərzində İranda siyasi motivlərlə edam edilən üçüncü şəxsdir (dünən Məhəmmədəmin Bigelri və Şahin Vahedpərəst edam olunmuşdu). Aprelin 6-da bitəcək ABŞ ultimatumundan saatlar əvvəl baş verən bu edamlar rejimin daxili qorxunu artırmaq cəhdi kimi qiymətləndirilir.

Beynəlxalq təşkilatlar Əli Fəhimin vəkil hüququndan məhrum edildiyini və etirafların ağır işgəncələr altında alındığını bildirərək Tehranı sərt tənqid ediblər. Hazırda İranda onlarla gəncin eyni ittihamlarla edam növbəsində gözlədiyi xəbər verilir.

Musavat.com

Избранный
18
musavat.com

1Источники