ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Kiyev, 6 aprel, AZƏRTAC
Aprelin 6-da gecə saatlarında Rusiya ordusu Ukraynanın Odessa şəhərində mülki obyektləri kütləvi atəşə tutub, xüsusilə yaşayış binalarını hədəf alıb.
AZƏRTAC bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakın açıqlamasına istinadla xəbər verir.
Səhər saatlarına olan məlumata görə, üç ölüm hadisəsi rəsmi olaraq təsdiqlənib. Ən böyük itki Rusiyanın zərbəsi nəticəsində bir uşağın həyatını itirməsi olub.
Yaralılara gəldikdə, onların sayı 10-a çatıb. Onlardan ikisinin vəziyyəti ağırdır: bir xəstə neyrocərrahiyyə, digəri isə yanıq reanimasiya şöbəsinə yerləşdirilib. Odessanın tibb işçiləri gücləndirilmiş iş rejimində çalışırlar.
On nəfər yaralı arasında 2 yaşında uşaq və 17 və 18 yaşlı iki yeniyetmə var. Xoşbəxtlikdən, onların həyatı təhlükə altında deyil.
Rusiya ordusu Odessanın iki əsas ərazisində mülki infrastruktura hücum edib. Primorski rayonunda çoxmərtəbəli yaşayış kompleksinə və yeddi fərdi evə ziyan dəyib. Kommunal xidmətlər artıq ərazini təmizləyir.
Kiyev rayonunda isə bir çoxmərtəbəli binaya və beş fərdi evə ziyan dəyib.
Ümumilikdə, özəl uşaq bağçası, bir mağaza və bütöv bir dayanacaq zərbə alıb, 27 avtomobilə ziyan dəyib.
Təcili yardım qrupları hücumdan zərər çəkən ərazilərə yerləşdirilib. Kommunal xidmət işçiləri və xilasedicilər ziyanı mümkün qədər tez aradan qaldırmaq üçün çiyin-çiyinə çalışırlar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev





Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.