Dost sarıdan bəxtim gətirib. Hamısı istedadlı adamlardır. Anadolu türkləri demişkən, adam kimi adamlardır. İki il əvvəl hörmətli Rəşad Məcid haqda belə yazmışdım: Onu tərifləyəndə adam utanmır. Aqil Camal da bu kateqoriyaya daxil olan insanlardandır. Özü tərifi xoşlamasa da, hər cür tərifə layiqdir... Aqil Camal məclis adamıdır. Məclis deyəndə bozbaş yeyib araq içməyi nəzərdə tutmuram. Belə işlərlə bizim əzəldən aramız olmayıb. O, çay süfrəsində də hamının özünü xoşbəxt etdiyi mühit yarada bilir. Bu məclislər həmişə duzlu-məzəli söhbətlərlə yadda qalır. Aqilin şirin təhkiyəsi insana mənəvi qida verir. Heç kim bu məclislərin başa çatmağını istəmir. Bu sözlərimi təsdiqləyəcək çoxlu şahidim var. Amma ad çəkmək istəmirəm. Şahidsiz də mənə inandığınıza əminəm. Aqilin dostlarında yalan olmaz...
Aqil ədalətli insandır. Tərəzinin gözünü heç vaxt əymir. Hər kəsə layiq olduğu qiyməti verməyi bacarır. Yağla şorun fərqini yaxşı bilir. El ağsaqqalı olan atası Tapdıq kişi bu adı ona təsadüfən qoymayıb. Dostumuz adının haqqını çoxdan verib. Aqil ucundan tutub ucuzluğa gedən jurnalist deyil. Həmişə sözünün çəkisini qoruyur. Odur ki, uzunçuluq etmək istəmirəm. Axı hara təsirik. Qabaqda altmış, yetmiş, səksən, doxsan, yüz illik yubileylər var. Təbrik edirəm, dost! Çox yaşa! O qədər çox yaşa ki, sənin haqqında ürəyimizdən keçənlərin hamısını deyə bilək... Seymur Verdizadə