Rusiyada internet böhranı ətrafında yeni qalmaqal yaranıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Kaspersky Lab”ın həmtəsisçisi və InfoWatch şirkətinin rəhbəri Natalya Kasperskaya Rusiyanın Rabitəyə Nəzarət Xidmətini (Roskomnadzor) Runetin fəaliyyətini pozmaqda ittiham edib, lakin qısa müddət sonra mövqeyini dəyişib.
O, Telegram kanalında yazaraq bildirib ki, qurum VPN xidmətlərinə qarşı mübarizə zamanı “Runetin yarısını çökdürüb”.
Kasperskayanın sözlərinə görə, bu səbəbdən iri banklar və Sürətli Ödənişlər Sistemi (SBP) də daxil olmaqla bir çox xidmətlərdə ciddi nasazlıqlar yaranıb.
“Bu, xarici hücum deyil. Bu, bizim öz Roskomnadzorun VPN-lərlə mübarizəsinin nəticəsidir”, – deyə o qeyd etmişdi.
Kasperskaya əlavə edib ki, VPN-ləri bloklamaq texniki baxımdan bütün internet sisteminə zərər vermədən mümkün deyil. O, istifadəçilərə maraqlı saytların ekran görüntülərini saxlamağı, mümkün qədər nağd pul çıxarmağı və “radio ilə yayılan məlumatlara hazır olmağı” tövsiyə etmişdi.
Lakin artıq axşam saatlarında o, Roskomnadzor rəhbəri Andrey Lipovla danışdığını bildirərək fikirlərini dəyişib. Kasperskaya qeyd edib ki, Lipov ona baş verən nasazlığın qurumun fəaliyyəti ilə bağlı olmadığını izah edib və buna görə də əvvəlki sözlərinə görə üzr istəyib.
Bu dəyişiklik sosial şəbəkələrdə tənqidə səbəb olub. İstifadəçilər onun “180 dərəcə dönüş etdiyini” bildiriblər.
Müzakirələrə Kasperskayanın həyat yoldaşı, IT sahibkarı İqor Aşmanov da qoşulub. O, tənqidçiləri “ukraynalı botlar” adlandıraraq Lipovu müdafiə edib və onun yalan danışa bilməyəcəyini vurğulayıb.
Musavat.com