RU

Hökumətdən HAZIRLIQ: halal turizm gəlir

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) yeni dövlət standartı qəbul edib. Standart AZS OIC/SMIIC 9:2026 “Halal turizm xidmətləri. Ümumi tələblər” adlanır.

Yeni standart yerləşmə vasitələri, tur paketləri, turist bələdçiləri və halal turizmə dair digər turizm xidmətlərini əhatə edərək, səyahətçilər üçün nəzərdə tutulmuş halal turizm obyektlərində təqdim olunan məhsul və xidmətlərin idarə olunmasına dair əsas prinsipləri və tələbləri müəyyən edir.

Halal turizm standartının tətbiq edilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların halal xidmətlərin effektiv idarə olunması bacarığının gücləndirilməsi, İslam qaydalarına uyğun turizm məhsul və xidmətlərinin təqdim edilməsi, həmçinin müştəri tələblərinin qarşılanması və bununla da müştəri məmnuniyyətinin artırılmasıdır.

Qeyd olunur ki, standart “Turizm və əlaqədar xidmətlər” üzrə Texniki Komitə (AZSTAND/TK 06) tərəfindən hazırlanıb və Dövlət Fonduna daxil edilib.

ceyhun.jpeg


Bəs yeni standartın qəbul olunması turizmə necə təsir edəcək?

Mövzu ilə bağlı turizm mütəxəssisi Ceyhun Aşurov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən bu standartın qəbul olunması, həm də turizm sahəsində tətbiq olunması bu sahədə fəaliyyət göstərən müəssisələrin, eyni zamanda burada istifadə olunan məhsulların bütün menecmentinin bu qaydalar və İslamın prinsiplərinə uyğun şəkildə təşkil olunması göstəricisidir:

“Təbii ki, bunun hansısa formada sertifikatlaşdırılması da nəzərdə tutulur, yəni standartlara uyğunluğun təsdiqlənməsi mümkündür. Azərbaycanda bu qaydalara uyğun halal konseptində fəaliyyət göstərən restoran və hotellər mövcuddur. Lakin əvvəllər bunun vahid standartı yox idi. Bu, daha çox iş adamlarının təşəbbüsü ilə həyata keçirilirdi və xidmət bazarda belə təqdim olunurdu. Təbii ki, həmin müəssisələrdə müəyyən qaydalar əməl olunurdu və diqqət saxlanılırdı. Lakin belə bir standartın olması artıq hamı tərəfindən qəbul olunan vahid qayda imkanı yaradır ki, bu da əlbəttə, müsbət qarşılanır. Bildirildiyi kimi, ölkəyə Körfəz və digər İslam ölkələrindən gələn turistlər var və onlar üçün bu standartların olması, qəbul edilməsi və tətbiq olunması həmin ölkələrdən gələn turistlərin məmnunluq səviyyəsini artırır”.

Şahanə Rəhimli
Musavat.com

Избранный
8
1
musavat.com

10Источники