RU

Politoloq: Sənaye obyektləri və ağır sənaye müəssisələrinə zərbələrin endirilməsi bölgədə böyük radiasiya dalğasına səbəb ola bilər

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Tehranın şimalındakı hərbi kazarma binaları İsrail və ABŞ-ın hava hücumları nəticəsində vurulub, İranın cənubundakı Şiraz Sədr Kimya Sənayesi müəssisəsi bombalanıb və zərərin miqyası hələ müəyyən edilməyib. İsrail Hərbi Hava Qüvvələri Yəzd əyalətindəki uran filizi zavodunu və Ərakdakı ağır su istehsalı obyektinə zərbə endirib. Həmçinin Xuzistan və İsfahandakı polad zavodları, Əhvazdakı İslam İnqilabı Keşikçiləri Korpusunun müəssisələrində partlayışlar baş verib. ABŞ və İsrailin hərbi zərbələri nəticəsində İranın müxtəlif bölgələrində hərbi və nüvə infrastruktur obyektləri hədəfə alınıb, mülki şəxslərin təhlükəsizliyi üçün xəbərdarlıqlar yayımlanıb.

İsrail və ABŞ-ın İranın nüvə və sənaye obyektlərinə endirdiyi hava zərbələri radiasiya və ekoloji çirklənmə riskini artırır. Tehranda, Yəzd və Ərakdakı uran zənginləşdirən zavodlar və ağır su reaktorları hədəfə alınıb, bu obyektlərdən radiasiya sızması baş verə bilər. Bu zərbələr ekoloji vəziyyətin pisləşməsinə və regional təhlükəsizliyin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər.

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları və İsrailin İrandakı sənaye obyektlərinə, xüsusilə də nüvə məntəqələrinə paralel şəkildə İranın da İsraildəki ağır sənaye obyektlərinə zərbələr endirməsi, əlbəttə ki, regionda ekoloji vəziyyətin pozulmasına gətirib çıxaracaq amildir: “Bu, ikinci növbədə nüvə silahından istifadə ilə bağlı yeni təhlükəli mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu günə qədər təxminən 50 il ərzində dünyada nüvə silahının tətbiqi ilə bağlı bir qorxu mövcud idi və Soyuq müharibə dövründən bu yana bu risk nəzəri səviyyədə qalırdı. Lakin indi vəziyyət o həddə çatıb ki, artıq nüvə silahının tətbiqi məsələsi bir kənara çəkilir, ondan daha təhlükəli silahlar gündəmə gəlir və həmin silahlardan istifadə ehtimalı aktuallaşır. Bu isə son dərəcə gərgin və təhlükəli bir tendensiyadır və dünyanın geosiyasi xəritəsinin gələcəkdə dəyişdirilməsinə səbəb ola biləcək proses kimi qiymətləndirilir.

İlk dəfə olaraq, soyuq müharibədən sonra dünya bu şəkildə üz-üzə gəlir və baş verən hadisələr – İrana hücumlar və İranın region ölkələrinə kütləvi zərbələr endirməsi – gələcəkdə bölgədə yeni bir körfəz müharibəsinin baş verməsinə gətirib çıxara bilər. İlk Körfəz müharibəsi Saddam Hüseyin rejimi ilə bağlı yaşanmışdı və həmin dövrdə Səddam Hüseyin körfəz ölkələri üçün ciddi təhlükə yaradırdı. Lakin Səddam Hüseynin hakimiyyətdən devrilməsindən sonra oxşar proseslərin indi İranla bağlı baş verdiyi müşahidə olunur. Bu müddətdə Amerika Birləşmiş Ştatlarının region ölkələrində hərbi bazalarının yerləşdirilməsi də əlavə gərginlik yaradır və nəticə etibarilə genişmiqyaslı regional müharibə ehtimalını artırır”.

“Sənaye obyektlərinə və ağır sənaye müəssisələrinə zərbələrin endirilməsi bölgədə yüksək səviyyəli radiasiya dalğasına səbəb ola bilər ki, bu da ekoloji və humanitar fəsadları daha da dərinləşdirə bilər. Bu kontekstdə BMT-nin fəaliyyəti də ciddi suallar doğurur. BMT və ona tabe olan qurumlar, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyi, təəssüf ki, beynəlxalq hüquqi təşkilatlar kimi öz effektivliyini tam şəkildə göstərə bilmir və mövcud böhranların qarşısını almaqda yetərli rol oynaya bilmirlər”-deyə Zeynal Əmrəliyev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
46
bizimyol.info

1Источники