RU

Orqanizmin “siqnalı”: Qışdan yaza keçidin gizli riskləri

Qışdan yaza keçid təkcə təbiətin canlanması deyil, həm də insan orqanizmi üçün ciddi sınaq dövrüdür. Son günlər müşahidə olunan kəskin hava dəyişiklikləri bir çox insanda baş ağrısı, halsızlıq və ürəkdöyünmə kimi şikayətləri artırıb. Mütəxəssislər isə xəbərdarlıq edir: bu dəyişikliklərin təsiri düşündüyümüzdən daha genişdir və bir neçə sistemi eyni anda zədələyə bilər.

“Yeni Sabah” xəbər verir ki, qışdan yaza keçid dövründə ən az diqqət yetirilən, lakin geniş yayılan problemlərdən biri də həzm pozuntularıdır. Temperaturun tez-tez dəyişməsi orqanizmdə stress reaksiyasını gücləndirir və kortizol hormonunun səviyyəsini artırır. Nəticədə mədə turşuluğu yüksəlir.

Bu isə qastrit, reflüks, mədə yanması, köp və ürəkbulanma kimi problemlərin artmasına səbəb olur. Mayo Clinic qeyd edir ki, bu hallar xüsusilə həssas insanlarda və əvvəldən mədə problemi olanlarda daha qabarıq müşahidə edilir.

Mədə “siqnal verir”: həzm sistemi niyə pozulur?

Hava dəyişkənliyi bağırsaq fəaliyyətinə də birbaşa təsir göstərir. Temperatur və təzyiq dəyişiklikləri bağırsaq hərəkətlərini ya sürətləndirir, ya da ləngidir. Nəticədə bəzi insanlarda qəbizlik, digərlərində isə ishal halları artır.

Klivlend xəstəxanas mövsüm keçidlərində həzm sisteminin daha həssas olduğunu və bu tip pozuntuların daha tez-tez baş verdiyini vurğulayır.

Qeyri-sabit hava yalnız fiziki deyil, həm də immun sisteminə təsir edir. Orqanizmin müqaviməti zəiflədikdə infeksion xəstəliklərin yayılma riski artır. Bu dövrdə insanların qidalanma rejiminin pozulması, iştahanın dəyişməsi və qeyri-sağlam qidalara meyl etməsi vəziyyəti daha da ağırlaşdırır.

Dünya Səhiyyə Təşkilatı iqlim dəyişkənliyinin qlobal səviyyədə xəstəliklərin yayılmasına və sağlamlıq risklərinin artmasına səbəb olduğunu bildirir.

Mütəxəssislər qeyd edir ki, hava dəyişiklikləri insanın psixoloji vəziyyətinə də təsirsiz ötüşmür. Qeyri-sabit hava şəraiti stress, əhval dəyişiklikləri və yuxu pozuntularını artırır. Bu isə ümumi sağlamlığa dolayı təsir göstərərək digər problemlərin də dərinləşməsinə səbəb olur.

Bundan əlavə, hava çirklənməsi və ozon səviyyəsinin yüksəlməsi tənəffüs xəstəliklərini ağırlaşdırır və allergik reaksiyaları gücləndirir.

Çıxış yolu nədir? Həkimlərdən sadə tövsiyələr

Mütəxəssislər belə dövrlərdə orqanizmi qorumaq üçün bir neçə vacib qaydaya əməl etməyi tövsiyə edir:

Balanslı və yüngül qidalanmaq

Gün ərzində kifayət qədər su içmək

Qidalanma və yuxu rejimini qorumaq

Stressi minimuma endirmək

Fiziki aktivliyi saxlamaq

Xroniki xəstəlikləri olan şəxslərə isə simptomları diqqətlə izləmək və zərurət olduqda həkimə müraciət etmək tövsiyə olunur.

Qışdan yaza keçid dövründə qeyri-sabit hava şəraiti təkcə halsızlıq və ya baş ağrısı ilə məhdudlaşmır. Bu dəyişikliklər ürək-damar, həzm, tənəffüs və sinir sistemlərinə təsir edərək sağlamlıq risklərini artırır.

Bu səbəbdən mütəxəssislər xəbərdarlıq edir: hava dəyişir, amma orqanizmin verdiyi siqnalları görməzdən gəlmək olmaz.


Telegram kanalımız
Избранный
44
yenisabah.az

1Источники