RU

Çin şirkətləri ABŞ ordusunun Yaxın Şərqdə hərəkətlərini izləyirmiş - DETALLAR

Çinin bir sıra özəl texnologiya şirkətləri açıq mənbələrdən toplanan məlumatları süni intellekt vasitəsilə emal edərək ABŞ ordusunun Yaxın Şərqdəki fəaliyyətinə dair detallı məlumatlar yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə The Washington Post yazıb.

Mənbə qeyd edir ki, bu şirkətlər peyk görüntüləri, təyyarə izləmə məlumatları və dəniz nəqliyyatı bazaları əsasında ABŞ qüvvələrinin hərəkətlərini izləyib və bunu “ifşaedici kəşfiyyat” kimi təqdim ediblər.
 

Nəşrin məlumatına görə, söhbət, o cümlədən, USS Gerald R. Ford və USS Abraham Lincoln aviadaşıyıcı qruplarının yerdəyişməsinin izlənməsindən, onların marşrut və yanacaq təchizatı sxemlərinin təhlilindən, həmçinin ABŞ aviasiyasının İsrail, Səudiyyə Ərəbistanı və Qətərdəki bazalarda cəmlənməsinin araşdırılmasından gedir.


Məqalədə qeyd olunur ki, bəzi Çin firmaları ABŞ raketləri, gəmiləri və aviasiyasının hərəkətini demək olar ki, real vaxtda izləyə bildiklərini iddia edir.

WP yazır ki, bu şirkətlərin bir hissəsinin Çin Xalq Azadlıq Ordusu ilə birbaşa və ya sertifikasiya, əməkdaşlıq və “mülki-hərbi inteqrasiya” proqramları vasitəsilə əlaqələri var.

Analitiklərin fikrincə, Pekin rəsmi olaraq münaqişədən məsafə saxladığını bildirsə də, bu tip kommersiya xidmətləri Çinin daha geniş müdafiə və texnoloji strategiyasına uyğun gəlir.

Amerika tərəfi isə bildirir ki, bu məlumatların böyük hissəsi onsuz da açıq mənbələrdən götürülür.

Lakin Vaşinqtonda narahatlıq ondan ibarətdir ki, süni intellekt belə məlumatların toplanmasını, emalını və hərbi nəticə çıxarılmasını xeyli sürətləndirir və dəqiqləşdirir.
 

Bu da ABŞ-nin hərbi aktivliyini gizlətməyi daha çətin edir. WP-nin yazdığına görə, ABŞ rəsmiləri və qanunvericilər kommersiya texnologiyalarının Amerika hərbçilərini izləmək üçün “silahlaşdırılması” riskindən açıq danışırlar.


Bu mövzu ətrafında daha əvvəl də diqqətçəkən siqnallar olmuşdu.

South China Morning Post hələ fevralda yazmışdı ki, Çin şirkəti MizarVision ABŞ hərbi qüvvələrinin İran yaxınlığındakı hərəkətləri barədə müntəzəm izləmə paylaşımları edib və bunu Çinin kommersiya kəşfiyyat imkanlarının nümayişi kimi dəyərləndirən ekspertlər var.

Bizim.Media

Избранный
38
50
bizim.media

10Источники