Ermənistan parlamentinin spikeri Alen Simonyan diqqət çəkən açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, Simonyan Ermənistan və Azərbaycanın təhlükəsizliyinin bir-birindən asılı olduğunu bildirib.
Onun sözlərinə görə, regionda davam edən və dərinləşən müharibələr fonunda iki ölkə yeni mərhələyə daxil olub:
“Ermənistanın təhlükəsizliyinin qarantı Azərbaycandır, Azərbaycanın təhlükəsizliyinin qarantı isə Ermənistandır”.
Simonyan vurğulayıb ki, hazırkı mərhələdə Bakı və İrəvan arasında münasibətlərin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, müxtəlif xarici qüvvələr iki ölkəni yenidən qarşıdurmaya sürükləməyə çalışır:
“Bir çox qüvvələr Azərbaycan və Ermənistanı ən azından bir-birinə qarşı müharibəyə cəlb etmək istəyirlər. Bu, açıq-aydın görünür. Çünki onlar bizim vasitəmizlə dominantlıq etmək istəyirlər”.
Erməni spiker hesab edir ki, həm Azərbaycan, həm də Ermənistan xalqları bu cəhdlərin qarşısını almalı və yeni müharibəyə imkan verməməlidir.
Musavat.com