RU

Məhəlli vandalizm




Bakının mərkəzindəki məşhur tarixi-mədəni memarlıq nümunələrindən birinin vandallıq aktına məruz qalması sözsüz ki, hər birimizdə dərin narahatlıq və təəssüf hissi doğurdu. Söhbət aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən və ölkə əhəmiyyətli memarlıq abidəsi olan "Nizami" Kino Mərkəzinin binasının kənar müdaxiləyə məruz qalmasından və bir qrup gənc tərəfindən sözügedən binanın fasadına boya vasitəsilə cızmaqaralar edilməsindən, müxtəlif söz və ifadələr yazılmasından gedir.

Kino Mərkəzinin divarlarına gecə vaxtı oğrun şəkildə qraffiti çəkən həmin gənclərin kimliyi artıq məlum olub və hüquq-mühafizə orqanları tərəfindən bu vandalizm aktı ilə bağlı cinayət işi açılıb. Bu kimi tarixi və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi və ya zədələnməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 246-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaradır və bu, cərimə və ya azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Heç şübhə etmirik ki, həmin gənclər məsuliyyətdən yaxa qurtarmaq üçün peşman olduqlarını bildirəcək və ictimaiyyətdən üzr də istəyəcəklər. Lakin bu kimi xoşagəlməz davranışlar gələcəkdə digər gənclər tərəfindən yenidən təkrarlana bilər, başqa abidələr də oxşar barbarlığa məruz qala bilərlər.

Xatırlayırsınızsa, bir neçə il öncə İçərişəhərin qədim qala divarlarına da eyni tərzdə yazılar yazılmış, tarixi-mədəni irsimizə qarşı açıq sayğısızlıq baş vermişdi. Və budur, həmin barbarlıq, nadanlıq hadisəsinin üzərindən bir müddət keçəndən sonra bu gün paytaxtımızda yeni vandallar peyda olur və onlar gecə oğruları kimi "Nizami" Kino Mərkəzinin yerləşdiyi tarixi binanın divarlarını xaincəsinə korlayırlar. Ən pisi də budur ki, "Nizami"yə qarşı bu vandalizm Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasından sonra baş verir. Yəni ki, bu gənc cahillər nəinki, mədəniyyətimizdən və tariximizdən, hətta 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” olmasından da bixəbərdirlər.

İndiki gənclərimizin əksəriyyətinin təhsilə, karyeraya, yaradıcılığa meyl göstərməsi fonunda çox təəssüf ki, cəmiyyətimizdə bu cür cahillər, nadanlar, manqurtlara da rast gəlinir. Onlar özlərini ifadə etmək, təsdiq etmək üçün belə üsullara əl atırlar. Hər gün "Nizami" Kino Mərkəzinin arxa tərəfindəki Qara Qarayev parkında toplaşan rolik sürənlər (rollerblader/skater), diyircəkli konkilərdən istifadə edənlər eyni zamanda, ərazidəki binaların divarları üzərində qraffiti təsvirləri çəkməyə də maraq göstərirlər. Əlbəttə, qraffiti çəkmək ilk baxışdan nə cinayət, nədəki mədəniyyətsizlik, tərbiyyəsizlik deyil. Əksinə, qraftiti də postmodern mədəniyyətin, müasir incəsənətin növlərindən, qollarından biridir. Ancaq əfsuslar olsun ki, bizim bu gənc nadanlar bir şeyi dərk etmirlər ki, dünyanın heç bir ölkəsində tarixi abidələrin, memarlıq nümunələrinin üzərində qraffiti çəkilmir.

Bu mənada, "Nizami" Kino Mərkəzinin binasının divarlarına çəkilən qraffitilər yaradıcılıq yox, məhəlli vandalizmdir. Ona görə də həmin cızmaqaraların müəllifləri qanunun tələblərinə müvafiq şəkildə sərt cəzalandırılmalıdırlar. Bu, digərlərinə də dərs olar. Çox təəssüf ki, biz əvvəllər erməni vandalizmi ilə üzləşirdiksə, indi isə "milli" vandallarla qarşılaşırıq. Odur ki, memarlıq tariximizin bir parçası olan binaları yerli vandallardan qorumaq hamımızın ümumi işimiz olmalıdır.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Избранный
16
18
newscenter.az

10Источники