RU

“Tramp marşrutu” iki əsrlik geopolitik sistemi dağıdır: Cənubi Qafqazda yeni çoxqütblü regional düzən qurulur

“Tramp marşrutu” ətrafında yaranan mübahisələr Cənubi Qafqazın gələcək geopolitik taleyinin müəyyənləşdiyi daha genişmiqyaslı geostrateji qarşıdurmanın tərkib hissəsinə çevrilməyə başlayıb... Əgər, mövcud geopolitik tendensiyalar eynilə davam edərsə, onda Cənubi Qafqazda iki əsrlik tarixi geopolitik balansın əvəzində yeni, həm də daha mürəkkəb və çoxqütblü bir regional nizamın yarana biləcəyi qətiyyən istisna deyil...

“Tramp marşrutu”nun Cənubi Qafqazda iki əsrlik geopolitik balansı dəyə biləcəyi ilə bağlı iddialar ortaya atılmağa başlayıb. Belə ki, bu regionda yeni nəqliyyat-kommunikasiya təşəbbüsləri ətrafında mövcud olan geopolitik ziddiyyətlər artıq tədricən daha açıq qarşıdurma görüntüləri almaqdadır. Rusiya baş nazirinin müavini Aleksey Overçuk tərəfindən səsləndirilən son mübahisəli bəyanat isə bu proseslərin sadəcə, geoiqtisadi layihə çərçivəsindən kənara çıxdığını və daha dərin geostrateji məzmun daşıdığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, Rusiya baş nazirinin müavini “Tramp marşrutu” kimi təqdim olunan TRİPP layihəsi ilə bağlı təşəbbüsün Cənubi Qafqazda 1828-ci ildən bəri mövcud olan geopolitik balansı pozduğunu iddia edir. Yəni, Kremlin bu mövqeyi Rusiyanın “Tramp marşrutu” ilə bağlı geopolitik məzmunlu narahatlığının tarixi və sistemli xarakter daşıdığını ortaya çıxarır. Rusiya iddia edir ki, baş nazirin müavini Aleksey Overçukun istinad etdiyi Türkmənçay müqaviləsi yalnız bir tarixi sənəd deyil, həm də Cənubi Qafqazın geopolitik arxitekturasını formalaşdıran əsas “hüquqi dönüş nöqtəsi”dir.

 

Əslində, Kremlin bu iddiası Cənubi Qafqaz dövlətlərinin milli maraqlarına zidd olmaqla yanaşı, birmənalı şəkildə yalnız Rusiyanın regional mənafeyinə xidmət edir. Çünki məhz həmin müqavilədən sonra Rusiya imperiyası Cənubi Qafqazda dominant hegemonluq gücünə malik olmuşdu. Eyni zamanda, Kreml bu regionda təhlükəsizlik, sərhədlərin təyin olunması və nəqliyyat-kommunikasiya məsələlərində əsas dominant iradə sahibinə çevrilmişdi. Və bu mənada, Kremlin hazırda baş verənləri “1828-dən bəri mövcud olan geopolitik balansın pozulması” kimi qiymətləndirməsi, faktiki olaraq, regionda iki əsrlik təsir mexanizmlərinin Rusiyanın nəzarətindən çıxa biləcəyi ilə bağlı qorxudan qaynaqlanır.

Maraqlıdır ki, Kremlin TRİPP layihəsi ilə bağlı narahatlığının digər tərəfi isə məhz “Tramp marşrutu”nun mahiyyətində gizlənir. Belə ki, ABŞ-ın prezidenti Donald Trump ilə assosiasiya olunan bu logistik layihə təşəbbüsü formal olaraq, “beynəlxalq sülh və rifah marşrutu” kimi təqdim edilsə də, əslində, onun geopolitik əhəmiyyəti daha genişmiqyaslı xarakter daşıyır. Çünki bu logistik layihə Cənubi Qafqazda alternativ nəqliyyat-kommunikasiya sisteminin yaradılmasını, Şərq-Qərb istiqamətində yeni logistika xətlərinin qurulmasını və ən əsasısa, Rusiyanın ənənəvi tranzit üstünlüyünün tamamilə zəiflədilməsini hədəfləyir. Və bu isə regionda yalnız geoiqtisadi deyil, həm də geopolitik təsir alətlərinin yenidən bölüşdürülməsi anlamına gəlir.

 

Eyni zamanda, Kremlin narahatlığını daha da artıran digər əsas məqamlardan biri də regional nəqliyyat-kommunikasiya layihələri üzrə aparılan danışıqlardan Rusiyanın kənarda saxlanılması ilə birbaşa bağlıdır. Bu baxımdan, Rusiya baş nazirinin müavini Aleksey Overçukun bunu “böyük səhv” kimi xarakterizə etməsi qətiyyən gözlənilməz və ya təsadüfi deyil. Çünki bu geopolitik tendensiya eynilə davam edərsə, Rusiya yaxın gələcəkdə Cənubi Qafqazda həm geoiqtisadi mexanizmlərini, həm də region ölkələri üzərində olan təsir imkanlarını da əhəmiyyətli dərəcədə itirmiş vəziyyətə düşə bilər. Xüsusilə də Ermənistan kimi ənənəvi forpost-müttəfiq üzərində hərbi-siyasi nəzarətin zəifləməsi Rusiya üçün geostrateji risk kimi qiymətləndirilir.

Ancaq bütün bunlara baxmayaraq, mövcud regional proseslər onu göstərir ki, Cənubi Qafqaz yeni geopolitik nizamın formalaşma mərhələsinə artıq daxil olub. Üstəlik, bu yeni geopolitik nizam çərçivəsində ABŞ, Türkiyə və Azərbaycanın daxil olduğu yeni güc konfiqurasiyası ön plana çıxmağa başlayıb. Halbuki, Rusiya isə hazırda əvvəlki dominant mövqeyini qorumaqda açıq-aşkar çətinlik çəkir. Və bütün bunlara paralel olaraq, Cənubi Qafqaz ölkələrinin xarici siyasət kurslarında müşahidə olunan yeni prioritet hədəflər də hazırda davam etməkdə olan geopolitik transformasiyanı daha da sürətləndirir.

 

Təbii ki, bütün bu önəmli məqamları nəzərə aldıqda, Rusiya baş nazirinin müavini Aleksey Overçukun son bəyanatı sadəcə, siyasi-diplomatik narazılıq deyil, həm də Kremlin dolayısı xəbərdarlıq mesajı kimi qəbul oluna bilər. Yəni, belə anlaşılır ki, Kreml “Tramp marşrutu” layihəsinin təşəbbüskarlarına və iştirakçılarına demək istəyir ki, regionda cərəyan edən proseslərdən kənarda qalmaq niyyətində deyil. Və bu baxımdan, Rusiya Cənubi Qafqazda öz regional təsir mexanizmlərini qorumaq üçün müxtəlif alətlərdən istifadə edə biləcəyini qabartmağa çalışır.

Göründüyü kimi, “Tramp marşrutu” ətrafında yaranan mübahisələr Cənubi Qafqazın gələcək geopolitik taleyinin müəyyənləşdiyi daha genişmiqyaslı geostrateji qarşıdurmanın tərkib hissəsinə çevrilməyə başlayıb. Əgər, mövcud geopolitik tendensiyalar eynilə davam edərsə, onda Cənubi Qafqazda iki əsrlik tarixi geopolitik balansın əvəzində yeni, həm də daha mürəkkəb və çoxqütblü bir regional nizamın yarana biləcəyi qətiyyən istisna edilmir. Və bu isə Cənubi Qafqazda yalnız regional aktorlar üçün deyil, həm də qlobal güc mərkəzləri üçün yeni geopoltik risklər və geostrateji imkanlar mərhələsinin başlanğıcı deməkdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Избранный
7
9
musavat.com

10Источники