RU

Son yağışlardan zərər çəkmiş ailələrə siyasi partiyalar, həmçinin YAP tərəfindən yardım kampaniyaları təşkil edilə bilməzmi?..

“Yardım kampaniyaları da problemlərdən çıxış və həll yolu deyil... Azərbaycanda yardımlaşma mədəniyyəti də formalaşmayıb. İmkansıza edilən bir qutu yardım da reklama dönüşdürülür
 
"Təbiət hadisələri qarşısında dövlər qurumlarının yararsız idarəçiliyi tam çılpaqlığı ilə üzə çıxır..." 
 
“Ölkədə hər şeyi cənab Prezident edəcəksə, bəs bu boyda bürokrat məmur ordusu nəyə lazımdır?..”
 
“Doğru olanı məsuliyyət hissinin artırılması mexanizmlərinin işlək hala salınması və cəzasızlıq mühitinin ortadan qaldırılmasıdır...”
 
Maraqlıdır, son günlər Azərbaycanın bir sıra rayonlarında, xüsusən də Abşeron yarımadasında, Bakıda davamlı leysan yağışları zamanı əsasən müvafiq qurumların on illər ərzində görmədikləri işlərin, məsulliyyətsizliyin, korrupsiyanın nəticəsində baş vermiş subasmadan əziyyət çəkən, bir çoxlarının evlərindən, həyətlərindən hələ də yağış və kanalizasiya suları çəkilməmiş, həmçinin avtomobilləri ciddi zərər görmüş bəlkə də minlərlə ailəyə hansısa  yardım-filan göstərilirmi, sənədi, sığortası olanlara kompensasiya verilirmi?.. Mövcud durumda bütün bunlar haqda dürüst məlumat əldə etmək çox çətindir. Bəs görəsən, qanunla kompensasiya verilməsinə imkan olmayan bu cür ailələrə müxtəlif dövlət qurumları, parlament səviyyəsində, siyasi partiyalar, xüsusən də hakim Yeni Azərbaycan Partiyası tərəfindən yardım kampaniyaları təşkil edilə bilməzmi?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Orucov aşağıdakı fikirləri səsləndirib:
 
“Azərbaycanda hər dəfə qar, yağış yağanda, güclü külək əsəndə həyat, demək olar ki, iflic vəziyyətə düşür. Təkcə Bakıda və Abşeron yarımadasında deyil, bütün bölgələrdə insanlar mağdur duruma düşür.  Təbiət hadisələri qarşısında dövlər qurumlarının yararsız idarəçiliyi tam çılpaqlığı ilə üzə çıxır. Regionların sosial iqtisadi inkişafı ilə bağlı bir sıra konsepsiyalar, proqramlar və hüquqi aktlar qəbul edilib. Və milyardlarla maliyyə xərclənib. Kağız üzərində yeni layihələr və infrastruktur həyata keçirilib. Məlum olur ki, bu gün vəziyyəti qaydaya salmaq çox çətindir. Çünki plansız və standartdankənar aparılan tikinti və məskunlaşmalar bu problemin həllinin və layihələndirilməsini çətinləşdirir, eyni zamanda bahalı edir... 
 
Aidiyyəti dövlət orqanlarında çalışan bir sıra məmurların yarıtmaz idarəçiliyinin və tamahkarlığının ağır bədəlini ölkə əhalisi ödəyir və bu, insanlarda dövlətə və dövlət başçısına qarşı mənfi emosiyalar yaranmasına gətirib çıxarır...
 
Yeri gəlmişkən, mən dəfələrlə vurğulamışam ki,  Azərbaycanda Baş nazir postuna ehtiyac yoxdur və həmin post ləğv edilməlidir. Baş nazir faktiki olaraq heç bir faydalı fəaliyyətlə  məşğul  deyil,  əksinə, problemlər yaradır. Ona görə də hesab edirəm ki, baş nazirlə bağlı bütün yetkilər və məsələlər birbaşa 1-ci vitse prezidentə həvalə olunmalıdır. Düşünürəm ki, bu çox şeyləri həll edər və idarəetməni stabilləşdirər və kabinetində məsuliyyət hissini artırardı... 
Daşqın zamanı zərər dəyən vətəndaşlara dəyən zərərə görə kompensasiya verilməsinə gəldikdə, insanların əmlak hüquqları tanınmadığından onların hər hansı təbii hadisələr zamanı dəymiş zərərin qarşılanması mexanizmləri də yoxdur. Sığorta şirkətləri isə özəl olmayan əşyanı,  mülkiyyəti sığortalamır. Onları da günahlandırmaq olmur, çünki mövcud qanunvericilik buna icazə vermir. Odur ki, illərdir vətəndaşlara özəlləşmə çıxarışlarının verilməsi prosesinə təxirə salınmadan mərhələli şəkildə start verilməlidir... 
 
Yardım kampaniyaları da problemlərdən çıxış və həll yolu deyil. Qeyd edim ki, Azərbaycanda yardımlaşma mədəniyyəti də formalaşmayıb. Bir qutu imkansıza edilən yardım da reklama dönüşdürülür. Digər tərəfdən, düşünmürəm ki, bizim məmurlar və parlamentarilər belə səxavətlidirlər. Məhz onların korrupsiya və rüşvətxorluğu, eləcə də yarıtmaz idarəçiliyi sayəsində acınacaqlı durum yaranıb. Yardım, ianə könüllü ediləcək işlərdir. Heç kəsi buna məcbur da etmək olmaz. Doğru olanı məsuliyyət hissinin artırılması mexanizmlərinin işlək hala salınması və cəzasızlıq mühitinin ortadan qaldırılmasıdır. Yeri gəlmişkən, haqlı sual da meydana çıxır: Ölkədə hər şeyi cənab Prezident edəcəksə, bəs bu boyda bürokrat məmur ordusu nəyə lazımdır? Dövlət başçısı etimad göstərib vəzifəyə təyin etdiyi şəxslər də bu etimadı doğrultmalıdlr...”
 
Sultan Laçın
 
Избранный
16
47
moderator.az

10Источники