RU

“İranda dərhal atəşkəs təmin edilməlidir” –Türkiyənin müdafiə naziri

Türkiyə Yaxın Şərqdə sabitliyin bərpasına töhfə verməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler İtaliyanın “Il Messaggero” nəşrinə müsahibəsində bildirib.

İran ətrafındakı gərginliyə münasibət bildirən Güler atəşkəsin dərhal təmin edilməsinin zəruri olduğunu deyib. “Bölgəmizdəki gərginliyin daha böyük qarşıdurmaya çevrilməsinin qarşısını almağın yeganə yolu dialoqdur. Mövcud şəraitdən asılı olmayaraq, biz inanırıq ki, hələ də diplomatiya üçün yer var və tərəflər arasındakı fikir ayrılıqları dialoq yolu ilə həll edilə bilər. Biz bu prosesə töhfə verməyə hazırıq”, – deyə Türkiyənin naziri vurğulayıb.

Onun sözlərinə görə, Ankaranın mövqeyi bəllidir: “Heç bir regional böhran uzunmüddətli əsasda hərbi yolla həll edilə bilməz”.

Nazir əlavə edib: “Türkiyə həm regional, həm də Qərb aktorları ilə dialoq qura bilən azsaylı ölkələrdən biridir. Ankaranın qonşu ölkələrdəki daxili siyasi proseslərə yanaşması suverenliyə hörmətə əsaslanır. Bizim üçün regionun daha böyük sabitliyə nail olması və qarşılıqlı hörmətə əsaslanan sıx dialoqun baş tutması vacibdir”.

O, Yaxın Şərqdə daha böyük təhlükəsizlik və sabitliyə yalnız beynəlxalq hüquqa əsaslanan yanaşmalar və gərginliyin azaldılmasına sadiqlik yolu ilə nail olmağın mümkünlüyünü qeyd edib.

Y. Güler vurğulayıb ki, Ankara Türkiyənin hava məkanına yeni raket atışlarına cavab verməyə tam sadiqdir. “Həm öz vasitələrimizlə, həm də NATO daxilində istənilən təhdidə cavab vermək qabiliyyətimiz və iradəmiz var. Lakin bizim yanaşmamız gərginliyi artırmaq deyil, riskləri balanslı və məsuliyyətli şəkildə idarə etmək, münaqişələrin eskalasiyasının qarşısını almaqdır”, – deyə nazir qeyd edib.

AzPost.az

Избранный
29
50
azpost.info

10Источники