RU

Suriyada 100 mindən çox adam itkin düşmüş hesab olunur

Suriyada 100 mindən çox qadın üçün müharibəni geridə qoymaq təkcə emosional deyil, həm də hüquqi cəhətdən mümkün deyil.

Birləşmiş Millətlər Təşkilatının (BMT) və Suriya insan haqları qruplarının məlumatına görə, əksəriyyəti kişilər olan 150 min ilə 170 min arasında insan hələ də itkindir.

"Cebheinfo.az" xəbər verir ki, 2011-ci ildə Suriyada başlayan üsyanın vətəndaş müharibəsinə çevrilməsi nəticəsində bir çox insan yoxa çıxıb.

Bu dövrdə 1 milyondan 2 milyona qədər insanın saxlanıldığı təxmin edilir. Həmçinin təxminən 600 min insanın öldürüldüyü və adsız məzarlarda dəf edildiyi ehtimal edilir.

Müharibə 2024-cü ilin dekabrında hazırkı Prezident Əhməd Şaranın rəhbərlik etdiyi radikal islamçı Hayat Təhrir əş-Şam (HTS) yaraqlıları tərəfindən Bəşər Əsədin devrilməsi ilə başa çatdı.

Ancaq bu, bir çox suriyalı qadın üçün belə deyil. Hələbdən təxminən 40 kilometr qərbdə yerləşən Dana şəhərindən olan 33 yaşlı Nura "DW" qəzetinə bildirib ki, "Mən nə həyat yoldaşı, nə də dul qadınam".

Nura münasibətlərinin gərginləşməsi səbəbindən ərinin ailəsinin təsirindən qorxduğu üçün soyadının açıqlanmasını istəmir.

O deyir ki, ərinin yoxa çıxmasından 14 il keçib və o, ərinin qayıtmasına ümidini itirib. Lakin həyat yoldaşının ailəsi onun ölüm şəhadətnaməsi almasına mane olduğu üçün həyatına davam edə bilmir. 

Qadınların qarşısında duran maneə: "Ahval-i Şahsiye" Qanunu

Bu günə qədər Suriya qanunvericiliyinin təməl daşlarından biri 1953-cü il  tarixli "Ahval-i Şahsiye"  Qanunu olub. Bu qanuna görə, itkin düşmüş şəxs 80 yaşına çatıbsa, məhkəmə tərəfindən ölü elan edilə bilər.

Əgər bir şəxs silahlı münaqişə, hərbi əməliyyatlar və ya oxşar hallar səbəbindən yoxa çıxarsa, o, itkin düşmə tarixindən dörd il sonra qanuni olaraq ölü hesab edilə bilər. Digər tərəfdən, qanun kişi qohumlarına vacib hüquqi qərarlarda səlahiyyət verir.

Bu məhdudiyyətlər o deməkdir ki, ərinin ailəsinin razılığı olmadan ölüm şəhadətnaməsi ala bilməyən Nura yenidən evlənə, miras ala, pensiya tələb edə və ya oğlunun tam qəyyumluğunu əldə edə bilməz.

O deyib:

"Oğlum 18 yaşına çatana qədər hər hansı rəsmi sənəd üçün onların təsdiqini almalıyam" və əlavə edib ki, onun imzası qəbul edilmir, qayınanası və qayınatası onu dəstəkləmir.

"Human Rights Watch" təşkilatının baş tədqiqatçısı Hiba Zayadin bildirib ki, "Suriyada 100 mindən çox insan itkin düşüb. Onların həyat yoldaşları hüquqi və iqtisadi boşluqda qalıb, uşaqlarının təhsil və səhiyyə xidmətlərinə çıxışı üçün lazımi sənədləri yoxdur".

Zayadinin sözlərinə görə, bu qadınların vəziyyətini dəyişdirmək Suriyada keçid ədaləti və gender bərabərliyi ilə bağlı hər hansı ciddi müzakirələrin mərkəzində olmalıdır.

Suriyalı tədqiqatçı və insan hüquqları üzrə ekspert Lina Qotukun sözlərinə görə, Ədliyyə Nazirliyi hakimlərin atalar olmadığı halda analara qəyyumluq hüququ verməkdəki imkanı aradan qaldırıb.

17 saylı Qanun kimi də tanınan bu dəyişiklik 2025-ci ilin dekabr ayından etibarən uşaqların qanuni qəyyumluğunu kişi qohumları ilə məhdudlaşdıraraq anaları kənarlaşdırır.

Qotuk "analara qarşı ayrı-seçkiliyin artdığını" söyləyərək əlavə edib ki, "sosial və hüquqi qeyri-müəyyənlik içində qalan bu qadınların vəziyyəti getdikcə pisləşir".

Избранный
39
cebheinfo.az

1Источники