RU

Ekspertdən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli olması ilə bağlı AÇIQLAMA

“Yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq.  Ödənişin yeni bir yola tətbiq olunması ilə bağlı məsələ bizim üçün daha həssas mövzudur. Çünki işğaldan azad olunmuş ərazilərdə yeni infastrukturun qurulması, həmin ərazilərdə “Böyük Qayıdış” Proqramının təsis edilməsi, ümumi həyatın bərpa olunması özlüyündə böyük prosesi ehtiva edir”.

 

Bu sözləri Pravda.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

 

O bildirib ki, yolların ödənişli olması məsələsi Bakı-Quba-Rusiya Federasiyası sərhəddi avtomobil yoluna tətbiq edildiyi üçün yeni termin deyil: “Burada məqsəd işğaldan azad olunmuş ərazilərə, turizm potensialı ilə bağlı gələcəkdə gediş-gəlişlərlərin təmin edilməsidir. Çünki həmin ərazilərdə böyük turizm potensialı var və bizim üçün həssas, doğma, əziz məkanlardır. Düzdür, Azərbaycanın hər bir məkanı bizə doğma, əzizdir, lakin işğaldan azad olunan torpaqlar tam başqadır. Ona görə də qiymət baxımından elə bir ödəniş məbləği seçmək olar ki, bu digər ərazilərdən fərqli, rəmzi əhəmiyyət daşısın və bir fond şəklində toplanaraq gələcəkdə həmin ərazilər üzrə infastruktura töhfə verə bilən məbləğ yığılsın. Yəni belə bir məbləğ ola bilər ki, yolların saxlanılmasına, infastruktura dəstək məqsədli olsun. Bu kimi prosesləri nəzarətdə saxlamaq mütləqdir ki, daha sonra müəyyən narahatlıqlar, hansısa qaranlıq məqamlar qalmasın”.

 

Qeyd: Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla təsdiq etməlidir.

 

Şəhanə Quliyeva

Tarix: 4 Aprel 2026, 12:55   
Избранный
37
pravda.az

1Источники