RU

“Hidrogen bombasının atası” - 32 yaşında akademik olan alimin 52 il əvvəl verdiyi proqnoz

Nüvə silahının nə qədər dəhşətli bir şey olduğunu iki dəfə atom bombası zərbəsinə məruz qalmış yaponlardan da soruşmaq olar, nüvə silahının sınağının keçirildiyi Semipalatinsk (Qazaxıstan) poliqonunun bir neçə yüz kilometr radiusunda yaşamış insanların sağ qalan züryətlərindən də, Çernobıl AES-dəki qəzanın hələ də yaşayan zərərçəkənlərindən də.

Hamısının fikri yekdil olacaq və heç biri dəhşətin miqyasını tam mahiyyəti ilə anlada bilməyəcək.

Ancaq dünya və SSRİ tarixində elə bir adam olub ki, o, yaratdığı bombanın törədə biləcəyi dəhşətli faciələri tam miqyası ilə anlayıb və ömrünün sonrakı hissəsini nüvə silahına qarşı mübarizəyə, eləcə də insan haqlarına xidmətə həsr edib.

2000-ci ildə aparılan sosioloji sorğuya görə, onun adı 20-ci əsrdə Rusiyanın ən görkəmli 10 insanının sırasında yer alıb. Həmin siyahıya düşənlər bu şəxslərdir: Vladimir Lenin, İosif Stalin, Mixail Qorbaçov, Leonid Brejnev, Georgi Jukov, Yuri Qaqarin, Sergey Korolyov, Vladimir Vısotski, Aleksandr Soljenitsın və Andrey Saxarov.

RIAN_archive_25981_Academician_Sakharov.jpg

Söhbət akademik Saxarovdan gedir. 1938-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsinə daxil olan bu şəxs 1942-ci ildə Aşqabada təxliyə edilmiş MDU-nu fərqlənmə diplomu ilə bitirib və nüvə fiziki olub.

Saxarov 32 yaşındaykən akademiyanın müxbir üzvü olmadan birbaşa akademik seçilib. Müasirləri bu məsələdə onun rus millətindən olmasına vurğu edirlər. O vaxt elm sahəsi başdan-başa yəhudilərin əlində olduğu üçün sovet rəhbərliyinə bir “qəhrəman rus alim” də lazım imiş.

O, Arzamas-16 gizli şəhərciyində hidrogen bombasının əsas yaradıcısı olduğu üçün Lenin və Stalin mükafatlarını qazanıb. Ona 3 dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adı, “Qızıl Ulduz” medalı, “Lenin” ordeni də veriblər. Gənc alimin maddi təminatı yüksək səviyyədə olub.

Ancaq A.Saxarov icad etdiyi dəhşətli bombanın Novaya Zemlya adasında keçirilən sınağından sonra anlayıb ki, bəşəriyyətin sonunun gətirilməsi prosesində baş rollardan birini oynayır.

Saxarovun hesablamalarına görə, belə bir bombanın ayrıca götürülmüş adada yox, düşmənə məxsus su hövzəsində partlaması sahildəki hər şeyi məhv edəcək nəhəng sunami dalğası yarada bilər.

ABŞ ilə SSRİ arasında gedən nüvə silahı əldə etmək yarışı üstündə gənc alimlə sovet rəhbəri Nikita Xruşov arasında mübahisə olub.

1967-ci ildən sonra sovet DTK-sı Saxarovun fəaliyyətini ciddi nəzarət altına alıb. Onun evi axtarışlara məruz qalıb, mətbuatda barəsində xoşagəlməz yazılar dərc olunub.

1968-ci ilin iyun ayında o, SSRİ-də “samizdat” şəklində yayılan və daha sonra xaricdə nəşr olunan "Tərəqqi, dinc yanaşı yaşama və intellektual azadlıq haqqında düşüncələr" broşürünü yazıb və bu əsər okeanın o tayına ötürülərək, “Nyu-York Tayms” qəzetində dərc edilib. Bundan sonra akademik Saxarov Arzamas-16-dakı gizli müəssisədəki işindən kənarlaşdırılıb.

Beləcə, titullu akademik Saxarov sovet dissidentlərinin, o qədər də məşhur olmayan yazıçı, şair, rəssamların liderinə çevrilib.

sax-2.jpg

O, SSRİ-nin Çexoslovakiyaya hücumunu, dissidentlərə qarşı siyasi repressiyaları, sovet rejiminə mütilik edən alimləri və yaradıcı ziyalılar pisləyən məqalələr dərc etdirməyə başlayıb.

Stalinin dövrü olsaydı, əlbəttə, onu bir gün də ləngitməz, “hidrogen bombasının atası” olmasına baxmaz, bir qaşıq hidroda boğar, güllələyər, qəzaya salıb öldürər, bir sözlə, məhv edərdilər. Dövranın dəyişməsi dissident akademikin həyatını xilas edib. Amma 1970-1980-ci illər arasında sovet mətbuatı A. D. Saxarova qarşı ciddi qaralama kampaniyası aparıb.

29 avqust 1973-cü ildə "Pravda" qəzeti SSRİ Elmlər Akademiyasının 40 üzvünün A. Saxarovun fəaliyyətini pisləyən məktubunu dərc edib. 31 avqust 1973-cü ildə yenə "Pravda" qəzeti Saxarov və Soljenitsını qınayan "Yazıçılardan məktub"a yer verib.

Qərb dünyası totalitar sovet rejiminə başağrısı yaradan akademiki diqqətdən kənarda qoymayıb. 1975-ci ilin oktyabr ayında Saxarova "insanların arasında sülhün təməl prinsiplərini qorxmaz şəkildə dəstəklədiyinə və hakimiyyətdən sui-istifadəyə və insan ləyaqətinin hər hansı bir şəkildə boğulmasına qarşı cəsarətli mübarizəsinə görə" Nobel Sülh Mükafatı verib.

Sovet mətbuatı Saxarova verilmiş Nobel mükafatını "Soyuq müharibənin Sovet İttifaqına qarşı silahı" adlandırıb.

Dünyanın ən prestijli mükafatını alan akademik 5 il sonra ölkəsində aldığı bütün mükafatlardan məhrum edilib. Onu qapalı Qorki şəhərinə sürgünə göndərib, ev dustağına çeviriblər, mənzilinin telefon xəttni kəsiblər, küçədə avtomat telefondan harasa zəng etməyini belə yasaqlayıblar.

Nə qədər paradoksal olsa da, Saxarovu akademik rütbəsindən məhrum etməyiblər, o, SSRİ Elmlər Akademiyasının üzvü olaraq qalıb. Saxarovun akademik titulunun əlindən alınmasına etiraz edən akademik Kapitsa olub. O, SSRİ Elmlər Akademiyasının prezidenti Aleksandrova belə deyib: "1933-cü ildə Hitler Eynşteyni Prussiya Elmlər Akademiyasından qovmuşdu...". Yəni biz Hitlerlik etməyək.

Saxarovun Moskvadakı mənzili, sənədləri və qeydləri də daxil olmaqla, bütün əmlakı heç bir məhkəmə qərarı olmadan DTK tərəfindən müsadirə edilib.

 

sax-3.JPG

1983-cü ildə SSRİ rəhbəri Yuri Andropov onu sürgündən Moskvaya qaytarmaq istəyib. Şərt belə olub ki, akademik özü ərizə yazıb bunu xahiş etsin. Lakin Saxarov qəti şəkildə imtina edib: “Andropov boş yerə ondan bir şey istəyəcəyimə ümid edir. Tövbə olmayacaq'". Akademik İsaak Xalatnikov xatirələrində yazıb ki, Andropov Saxarovu müdafiə edən Anatoli Aleksandrova sürgünün "ən yumşaq" cəza olduğunu deyib, digər Siyasi Büro üzvləri isə daha sərt tədbirlər tələb ediblər.

Nəhayət, 1986-cı ilin sonlarında onu Qorki sürgünündən azad ediblər. SSRİ rəhbəri M.Qorbaçov onunla telefon əlaqəsi yaradıb, sürgünün başa çatdığını xəbər verib.

Akademik Moskvaya qayıdıb, amma köhnə evini ona qaytarmayıblar, əvvəllər DTK-nın xüsusi oteli kimi xidmət edən bir mənzildə yerləşdiriblər.

Onun xaricə getməsinə də icazə verilib. Səlahiyyət müddəti bitməkdə olan ABŞ prezidenti Ronald Reyqan və yeni seçilmiş prezident Corc Buş (ata) onunla şəxsən görüşüblər. Daha sonra Fransa prezidenti Fransua Mitteran da akademiklə görüşüb. Elmi cəmiyyətlər və insan haqları təşkilatları ona mükafatlar yağdırıblar.

sax-4.JPG

 

1989-cu ildə akademik Saxarov SSRİ xalq deputatı seçilib, sessiyada çıxış edib, ölkənin yeni konstitusiyasının layihəsini hazırlayıb, dövlətin demokratikləşməsini istəyib.

Həmin ilin dekabrında o, qəfildən vəfat edib. Anatoli Sobçak və digərləri onun öz əcəli ilə ölmədiyini, öldürüldüyünü iddia ediblər.

Bununla belə, qeyd etmək lazmdır ki, Saxarov heç də həmişə ədalətli mövqedə olmayıb. O, erməni əsilli arvadı Yelena Əlixanyan-Bonnerin təsiri altında olub (özü də etiraf edib ki, onun kimi bir akademikə adi şeyləri arvadı başa salır). Məsələn, 1977-ci ildə Moskva metrosunda terror aktı törədən erməni terrorçuların müdafiəsinə qalxıb, 1988-ci ildə Qarabağı Azərbaycandan qoparmaq istəyən separatçıların mübarizəsini haqlı sayıb və s. Təbii ki, o bunları dominant arvadının diktəsi ilə edib.

Ancaq yenə də Andrey Saxarovun gerçək bir düha olması danılmazdır. Onun 1974-cü ildə yazdığı "Yarım əsrdə dünya" məqaləsində belə fikirlər var:

“Gələcəkdə, bəlkə də 50 ildən sonra, mən istənilən yerdə nəşr olunmuş istənilən kitabın, istənilən məqalənin məzmununu və istənilən məlumatı istənilən vaxt hər kəs üçün asanlıqla əldə edəcək qlobal informasiya sisteminin (QİS) yaradılmasını xəyal edirəm. QİS fərdi miniatür sorğu qəbulediciləri və ötürücülərini, informasiya axınlarını idarə edən idarəetmə mərkəzlərini, minlərlə süni rabitə peykini əhatə edən rabitə kanallarını, kabel və lazer xətlərini əhatə etməlidir. QİS-in hətta qismən tətbiqi belə hər bir insanın həyatına, asudə vaxtlarına və intellektual və bədii inkişafına dərin təsir göstərəcək. Bir çox müasirlər üçün əsas informasiya mənbəyi olan televiziyadan fərqli olaraq, QİS hər kəsə informasiya seçməkdə maksimum sərbəstlik verəcək və fərdi fəaliyyət tələb edəcək”.

Göründüyü kimi, akademik internetin, superkompüterlərin, smartfonların yaradılacağını hələ 52 il il əvvəl görüb, proqnozlaşdırıb.

Bax, belə bir adam nüvə silahını bəşəriyyət üçün təhlükə sayırdısa, demək, qlobal təhlükəni də öncədən görürdü.

Araz Altaylı, Musavat.com

Избранный
17
musavat.com

1Источники