Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ-da Donald Trampın diqqətlə seçərək sadiq şəxslərdən formalaşdırdığı kabinetində ardıcıl istefalar müşahidə olunur.
Qaynarinfo xəbər verir ki, ədliyyə naziri Pam Bondi, ötən ay vəzifədən uzaqlaşdırılan daxili təhlükəsizlik naziri Kristi Noemin ardınca Trampın komandadan kənarlaşdırdığı ikinci əsas fiqur olub. Amerika mediasının məlumatına görə, Bondidən sonra da bu proses davam edəcək.
ABŞ prezidenti Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra "Öncə Amerika” siyasətini həyata keçirmək üçün etibar etdiyi və "öz siyasətlərini problemsiz icra edə biləcək” şəxslərdən ibarət komanda qurmuşdu. Lakin mart ayının əvvəlində miqrasiya siyasəti ətrafında mübahisələrin mərkəzində olan Kristi Noemin vəzifədən uzaqlaşdırılmasından sonra, bu dəfə də ədliyyə naziri Pam Bondinin işdən çıxarıldığı açıqlanıb. Müşahidəçilər hesab edir ki, Tramp administrasiyasında başlayan bu kadr dəyişiklikləri dalğası daha geniş miqyas ala bilər.
Əvvəlcədən sınaqdan keçirib
Tramp Bondinin vəzifədən uzaqlaşdırıldığını "Truth Social” platformasında elan edib. O, Bondini "böyük Amerika vətənpərvəri və sadiq dost” kimi xarakterizə edərək bildirib ki, o, yaxın vaxtlarda özəl sektorda yeni və mühüm vəzifəyə keçəcək. Bondinin yerinə müvəqqəti olaraq baş prokuror müavini Todd Blanş təyin edilib.
İddialara görə, Tramp Bondinin xüsusilə milyarder Ceffri Epşteyn işi ilə bağlı mövqeyindən narazı qalıb. Son həftələrdə onunla tez-tez görüşərək fikirlərini yoxlayan Tramp sonda belə qərar verib.
Qabbard növbədə ola bilər
ABŞ mediasının məlumatına görə, kabinetdə dəyişikliklər bununla bitməyəcək. "The Guardian” nəşrinin yazdığına görə, növbəti hədəf ABŞ milli kəşfiyyat direktoru Tulsi Qabbard ola bilər. Bildirilir ki, onun ABŞ və İsrailin İrana qarşı hücumları fonunda tutduğu mövqe Trampı məyus edib.
Eyni zamanda, Qabbardın martın 17-də istefa verən Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kentə dəstək verməsi prezidentin narazılığına səbəb olub. Trampın bu məsələ ilə bağlı digər kabinet üzvlərinin fikirlərini öyrəndiyi iddia edilir.
Digər nazirlər də risk altındadır
"Politico” nəşrinə görə, potensial istefalar siyahısında ticarət naziri Hovard Latnik və əmək naziri Çaves-DeRemer də var. Məlumata əsasən, Tramp Latniki vəzifədən uzaqlaşdıraraq iqtisadi siyasətdə dəyişikliklər etdiyini göstərmək istəyir.
Bundan əlavə, Federal Təhqiqat Bürosunun direktoru Kaş Patel də vəzifədən uzaqlaşdırıla biləcək şəxslər arasında göstərilir. Analitiklər hesab edir ki, Tramp hətta ona sadiq hesab olunan kadrları belə dəyişməkdən çəkinmir.
"Trampın banan respublikası” tənqidləri
Gözlənilən yeni istefalar Trampın idarəetmə üslubuna dair tənqidləri də artırıb. "The Telegraph” nəşrində dərc olunan təhlildə jurnalist Ceremi Uorner ABŞ-ın Trampın rəhbərliyi altında "banan respublikasına” çevrildiyini iddia edib.
Uorner Trampı ölkəni sadiqlik prinsipi ilə idarə etməkdə və hakimiyyətdə ona bağlı şəxslərə üstünlük verməkdə ittiham edib. O, həmçinin bəzi varlı donorların dövlət vəzifələri, səfir postları və hüquqi güzəştlərlə mükafatlandırıldığını qeyd edib.
Qeyd edək ki, ötən ay daxili təhlükəsizlik naziri Kristi Noem, bir gün əvvəl isə ədliyyə naziri Pam Bondi vəzifədən uzaqlaşdırılıb.
Aydın
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.