RU

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

Madaqaskar hakimiyyəti 13 nəfəri keçid Prezidenti Mikael Randrianirinaya qarşı sui-qəsd və dövlət çevrilişi planlaşdırmaqda ittiham edib. Bu barədə prokuror Narindra Rakotoniaina məlumat verib. Onun "L'Express de Madagascar" qəzetinə bildirdiyinə görə, saxlanılanlar Prezidentə qarşı sui-qəsd və çoxdan planlaşdırılan dövlət çevrilişi cəhdlərində iştirak ediblər. 

Baş prokuror sui-qəsdin sübutu kimi qrup üzvləri arasında yazışmaları nümayiş etdirib. Təqsirləndirilən şəxslərin hesablarında 20 milyard Madaqaskar ariarisi (təxminən 4,8 milyon dollar) da tapılıb. Saxlanılanların bəzilərinin etiraf etdiyi kimi, bu pul cinayətkar planın həyata keçirilməsi üçün istifadə edilməli idi.

Adıçəkilən qəzet qeyd edir ki, Madaqaskar hakimiyyəti indiyə qədər cinayətkarlardan 11-ni saxlayıb və daha 2 nəfər hələ də axtarışdadır. Saxlanılanların evlərində axtarışlar zamanı müstəntiqlər xeyli miqdarda pul, eləcə də çoxsaylı silahlar aşkarlayaraq müsadirə ediblər. Şübhəlilər arasında dövlət çevrilişində iştirak etmək niyyətini açıq bəyan etmiş general da daxil olmaqla hərbçilər də var.

Madaqaskar hakimiyyəti polkovnik Patrik Rakotomamondjini cinayətkar əməliyyatın təşkilatçılarından biri adlandırıb. Qəzetin yazdığına görə, o, Madaqaskar Prezident Administrasiyasında çalışıb, lakin yanvar ayında vəzifəsindən azad edilib. Rakotomamondji sosial mediada hökuməti tənqid və sui-istifadə hallarında ittiham edən, silahlı qüvvələri məsuliyyəti öz üzərinə götürməyə çağıran yazılar paylaşıb.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Madaqaskarın keçmiş prezidenti Andri Rajoelina ölkə daxilində etirazlar fonunda hökumətin buraxıldığını elan edib. Ada ölkəsində sentyabrın 25-dən bəri elektrik və su kəsintiləri ilə bağlı kütləvi nümayişlər keçirilib və sonradan iğtişaşlara çevrilib. Daha sonra -  oktyabrın 13-də Rajoelina Fransa hərbi təyyarəsi ilə ölkəni tərk edib. O, helikopterlə İl Sent-Mari adasına yollanıb və oradan guya Dubaya gedən Fransa hərbi təyyarəsinə minib.

 Madaqaskar Milli Assambleyası Prezidentin impiçmentinə səs verib. İmpiçmentdən sonra hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər. Polkovnik Mikael Randrianirina yeni dövlət başçısı olub. 2025-ci il oktyabrın 17-də isə Ali Konstitusiya Məhkəməsi Mikael Randrianirinanın keçid dövrü üçün prezident kimi andını qəbul edib.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Избранный
2
1
azerbaijan-news.az

2Источники