“Qardaşım İlham Əliyevlə söhbətim zamanı Azərbaycan hökumətinə və xalqına dəstək üçün təşəkkürümü bildirdim”.
Senzor.az bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian sosial şəbəkə hesabında yazıb.
“Dost və qardaş xalqlar çətin anlarda bir-birini axtarır. Sivilizasiya kökləri nə qədər dərin olarsa, bu bağ bir o qədər güclü olar”, - deyə o əlavə edib.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.
İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlət başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.
Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.
Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb.