RU

“Meydan TV” əməkdaşları ifadə verdilər

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Meydan TV” və “Bakı Jurnalistika Məktəbi” ilə bağlı cinayət işi üzrə həbsdə olan 12 nəfərin məhkəməsi davam edir.

Bizimyol.info xəbər verir ki, aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən jurnalistlərdən Natiq Cavadlı və Ramin Cəbrayılzadə ifadə verib.

Jurnalistlərin hər ikisi özlərini təqsirli bilmədiklərini bildiriblər.

Natiq Cavadlı bildirib ki, 30 il peşəkar jurnalistika ilə məşğul olub. Bu müddətdə müxtəlif dövlət orqanlarının nümayəndələrindən, ictimai-siyasi xadimlərdən, deputatlardan, partiya sədrlərindən müsahibələr götürüb. Daim peşəkar jurnalistika prinsiplərinə əməl etməyə çalışıb, doğruları yazıb.

Ramin Cəbrayılzadə də bildirib ki, 2005-ci ildən jurnalistika sahəsində çalışır. Əsasən, sosial mövzularda reportajlar hazırlayırdı. Onun sözlərinə görə, materialları hazırlayarkən tərəfsizlik, qərəzsizlik prinsipinə əməl edirdi.

Məhkəmədə vəsatət verilib ki, “Bakı Jurnalistika Məktəbi”nə aid hissə “Meydan TV” işindən ayrılsın. Lakin prokuror vəsatətə etiraz edib: “Məhkəmə baxışında olan cinayət işinin ayrılması nəzərdə tutulmayıb”. Məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, 12 nəfər təqsirləndirilən şəxsdən 4 nəfər ifadə verib.

Hakim Aytən Əliyeva digər təqsirləndirilən şəxslərə də ifadə verməyi təklif edib. Lakin onlar hələ hazır olmadıqlarını bildiriblər.

“Meydan TV” işi üzrə məhkəmə prosesi aprelin 17-nə qədər təxirə salınıb. Növbəti iclasda digər jurnalistlər ifadə verəcəklər.

Qeyd edək ki, “Meydan TV” və “Bakı Jurnalistika Məktəbi” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlər arasında Aynur Elgünəş, Şəmşad Ağa, Natiq Cavadlı, fotojurnalist Əhməd Muxtar və digərləri var. Onlara qarşı 192.3.2 (qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması, xeyli miqdarda törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (saxta sənədlər hazırlama və ya istifadə etmə) və s. maddələri ilə ittihamlar irəli sürülüb. Jurnalistlər xaricdən qaçaqmal yolu ilə valyuta gətirməkdə ittiham olunurlar.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
bizimyol.info

1Источники