Milli-mənəvi dəyərlər, mədəni irs hər bir xalqın kimliyini, tarixini və ruhunu əks etdirən ən vacib amillərdən biridir. Bu dəyərlər əsrlər boyu formalaşaraq bizə miras qalıb və onları qorumaq bizim ən vacib məsuliyyətlərimizdən biridir. Əgər biz bu dəyərlərə sahib çıxmasaq, zamanla milli kimliyimizi itirmək təhlükəsi ilə üzləşərik.
Bunun üçün övladlarımız və gənclərimiz milli-mənəvi dəyərlərimizə, milli irsimizə sahib çıxmağı ilk olaraq ailədən öyrənməlidir. Çünki hər bir uşağın formalaşmasında, vətənə, torpağa, irsinə, bir sözlə keçmişinə dəyər verməsində valideynlər böyük rol oynayır. Buna görə də uşaqlara milli adət-ənənələrimizi, dilimizi və mədəniyyətimizi kiçik yaşlardan aşılamaq çox vacibdir.
Eyni zamanda ailə ilə yanaşı məktəb və cəmiyyət də bu prosesdə mühüm yer tutur. Məktəblərdə şagirdlərə yalnız elm öyrədilməməli, onlarda vətənpərvərlik, milli şüur və mənəvi dəyərlərə hörmət hissi formalaşdırılmalıdır. Cəmiyyət olaraq əcdadlarımızdan bizə miras qalan mədəni irsimizə, memarlıq abidələrimizə dəyər verməyi və onları qorumağı gənclərimizə öyrətməliyik.
Təəssüflər olsun ki, bəzən gənclərimiz tərəfindən bu dəyərlərə qarşı laqeyd münasibət müşahidə olunur. Bakının memarlıq incilərindən biri olan Nizami Kino Mərkəzinə qarşı edilən hərəkətlər buna nümunədir. Bu mərkəz yalnız bir bina deyil, həm də paytaxtımızın mədəni simvolu, şəhərin milli estetikasını əks etdirən, tarixi-mədəni dəyərlərimizin ayrılmaz hissəsidir. Gənclərimiz bilməlidir ki, belə abidələrə vurulan hər bir zərər, o cümlədən qraffıti, yalnız şəhərin görünüşünü korlamır, həm də tariximizə və milli kimliyimizə hörmətsizlikdir.
Tarixi binalarımızın qorunması eyni zamanda keçmişimizə olan hörmətin, gələcəyimizə olan məsuliyyətin göstəricisidir. Bu abidələr bizim yaddaşımız, kimliyimiz və mədəni zənginliyimizin canlı şahidləridir.
Vətəndaş cəmiyyətinin üzvü olaraq gənclərimizə demək istəyirəm ki, milli-mənəvi dəyərlərimizi qorumaq gələcəyimizi qorumaq deməkdir. Bu dəyərlər nəsildən-nəslə ötürüldükcə xalqımızın varlığı və birliyi daha da möhkəmlənəcək. Hər birimiz bu məsuliyyəti dərk etməli və öz töhfəmizi verməliyik.
Gözəl və füsünkar Bakımızı qoruyaq!
Ayşən Fəxrəddin qızı