RU

TDT aparıcı dünya təşkilatlarının sırasına nə zaman daxil ediləcək?...



Mübariz Göyüşlü: “TDT üzvü olan bütün dövlətlər digər ölkələrin də bu quruma daxil olması üçün səylərini gücləndirməlidir”

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən qurumun beynəlxalq arenada oynadığı rola da toxunub.

Prezident Əliyev bildirib: “...Təbii ki, təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq. Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq”.

Bəs bu hansı yollarla mümkündür?

Bunun üçün Azərbaycan, Türkiyə, Mərkəzi Asiyanın türk dövlətlər nə etməlidirlər?

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com-a bildirdi ki, TDT son illərdə Azərbaycanın və Türkiyənin səyləri ilə aparıcı beynəlxalq təşkilata çevrilməkdədir. “Bu istiqamətdə çox ciddi çalışmalar həyata keçirilir. TDT-in beynəlxalq təşkilatlar sırasına daxil edilməsi bu təşkilat daxilində ölkələrin inteqrasiyasını sürətləndirməkdən, genişləndirməkdən keçir. Yəni bu quruma üzv olan türk dövlətləri öz əməkdaşlıqlarını, əlaqələrini daha da genişləndirməlidirlər. Bu genişləndirmə müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərini də əhatə etməlidir. Məsələn, siyasi əlaqələr yüksək səviyyədədir. Eyni zamanda burada mədəniyyət, təhsil, elm, hərbi-texniki əməkdaşlıqlar sahədə artıq ilkin addımların atılması ilə bağlı çağrışlar var. Ticarət, iqtisadiyyat, logistika və sair sahələrdə də əməkdaşlıq daha da gücləndirilməlidir. Məsələn, gələcəkdə vahid valyutanın tədavülə buraxılması nəzərdən keçirilə bilər, ölkələr arasında gediş-gəliş məsələsində gömrük xidməti sadələşdirilməlidir. Müxtəlif sahələr üzrə ortaq təşkilatların yaradılması lazımdır və sair”.

M.Göyüşlü hesab edir ki, Azərbaycan və Türkiyə bu istiqamətdə üzərinə düşən işi yüksək səviyyədə görür. “Azərbaycanla Türkiyə çox aktiv fəaliyyət göstərir, o biri dövlətlərin də akivləşməsi lazımdır. Onlarda da fəallaşma müşahidə edilməkdədir. Bu fəallığı daha da artırmaq lazımdır.

Gələcək perspektivdə isə Macarıstanın, Şimali Kipr Türk Cumhuriyyətinin də TDT-yə həqiqi üzv kimi qəbul edilməsi lazımdır, bura Pakistan da cəlb edilə bilər. Cənubi Koreya da, Tacikistan da bu quruma qoşulmağa maraq göstərirdi.

Türk dövlətləri ilə yanaşı digər dövlətlərin də TDT-yə cəlb olunmasına diqqət yetirilməlidir. Bunun üçün də TDT üzvü olan bütün dövlətlər digər ölkələrin də bu quruma daxil olması üçün səylərini gücləndirməlidir. Beləliklə, TDT-nin beynəlxalq qurumlar sırasında daxil olmasına nail olmaq olar”-deyə M.Göyüşlü qeyd etdi.

İradə SARIYEVA

Избранный
16
baki-xeber.com

1Источники