ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 3 aprel, AZƏRTAC
Şəhərsalmanın planetin simasını sürətlə dəyişdirdiyi bir dövrdə şəhərlərin rolu onların coğrafi sərhədlərindən xeyli kənara çıxır. Bakı 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməyə hazırlaşır. Bu tədbir yalnız dayanıqlı şəhərlərin gələcəyini müzakirə etmir, insanların həyatını yaxşılaşdırmaq üçün real alətlər formalaşdırır. Azərbaycan üçün bu, öz təcrübəsini nümayiş etdirmək, regional əməkdaşlıq üçün yeni imkanlar açmaq və kiçik şəhərlər, həssas icmalarla bağlı məsələlərə diqqəti artırmaq imkanıdır. Forum şəhərlər arasında bilik mübadiləsi üçün platforma olacaq, burada meqapolislərin təcrübəsi daha kiçik yaşayış məntəqələrinin reallıqlarına uyğunlaşdırıla bilər. Bu, həm də təhlükəsiz, inklüziv və dayanıqlı inkişaf layihələrinə investisiyaların cəlb edilməsi üçün imkandır. Nəhayət, WUF13 şəhərlərin inkişafında strateji yanaşmanın əhəmiyyətini önə çəkəcək, burada innovasiya ilə mədəni irsin qorunması paralel şəkildə həyata keçirilir.
AZƏRTAC-ın suallarını pakistanlı ekspert, “The Gulf Observer” nəşrinin baş redaktoru və “The Gulf Observer Research Forum” təşkilatının prezidenti Fatimə Tuz Zəhra cavablandırır.
— WUF13-ün keçirilməsi Azərbaycanın qlobal şəhər inkişafı müstəvisində mövqeyi üçün nə deməkdir?
— WUF13-ün keçirilməsi Azərbaycan üçün həqiqətən əlamətdar hadisədir. Bu, ölkəni müasir, gələcəyə doğru irəliləyən dövlət kimi göstərir və onun dayanıqlı şəhər inkişafı sahəsində qlobal gündəmin formalaşmasında fəal iştirak etdiyini nümayiş etdirir. COP29-un uğurla keçirilməsindən sonra Azərbaycan artıq iri beynəlxalq platformaların təşkili sahəsində institusional imkanlarını və diplomatik yetkinliyini sübut edib. WUF13 bu təsiri daha da gücləndirir və Bakının şəhərlər, dayanıqlılıq və inklüziv inkişaf üzrə qlobal dialoq mərkəzi statusunu möhkəmləndirir.
— WUF13 Bakıda kiçik şəhərlərin, regional hakimiyyət orqanlarının və həssas icmaların səsini necə gücləndirə bilər?
— WUF-un unikallığı ondadır ki, yalnız dünya paytaxtları üçün deyil, həm də ikinci dərəcəli şəhərlər üçün platforma yaradır. Forumun Bakıda keçirilməsi Mərkəzi Asiya və Xəzər regionunun kiçik şəhərlərinin reallıqlarına diqqəti yönəltmək üçün yaxşı imkan yaradır. Bu cür inklüziv yanaşma çox vacibdir, çünki dayanıqlı şəhər inkişafı bütün tərəflərin, xüsusilə də ənənəvi olaraq diqqətdən kənarda qalanların maraqları nəzərə alınmadan mümkün deyil.
— “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu üzrə WUF13-dən əsas gözləntiləriniz nələrdir?
— Gözləyirəm ki, WUF13 mənzil məsələlərini və şəhərlərin dayanıqlılığını qlobal inkişaf gündəmində müzakirələrin diqqət mərkəzində saxlayacaq. Diqqət yalnız meqapolislərə deyil, həm də kiçik və həssas yaşayış məntəqələrinə yönəlməlidir. Eyni zamanda forumun yerli idarəetmə orqanlarının potensialının gücləndirilməsinə investisiyaları təşviq etməsi də vacibdir. Bu, onlara şəhər problemlərini daha effektiv həll etməyə və daha təhlükəsiz, inklüziv mühit yaratmağa imkan verəcək.
— Azərbaycan WUF13 vasitəsilə regional əməkdaşlığı necə gücləndirə bilər?
— WUF13 Azərbaycana Mərkəzi Asiya və Xəzər regionu ölkələri ilə əməkdaşlığı dərinləşdirmək üçün böyük imkan yaradır. Forum ümumi şəhər problemləri və həllər ətrafında dövlətləri birləşdirən körpü rolunu oynaya bilər. Dialoq və tərəfdaşlıqlar vasitəsilə Azərbaycan dayanıqlı şəhər inkişafı sahəsində regional lider kimi mövqeyini möhkəmləndirə bilər.
— Şəhər inkişafı sahəsində atılan addımların dayanıqlı nəticələrinə nail olmaqda bilik mübadiləsi və potensialın inkişafı hansı rolu oynayır?
— Bu amillər həlledici rol oynayır. Təkcə infrastruktur yatırımları kifayət deyil. Yerli idarəetmə orqanları şəhərlərin inkişafını düzgün idarə etmək üçün bilik, bacarıq və institusional imkanlara malik olmalıdır. WUF13 ölkələr arasında təcrübə mübadiləsi və uzunmüddətli tərəfdaşlıqların qurulması üçün güclü platformaya çevrilə bilər. Bu da idarəetmə və şəhərsalma sistemlərini gücləndirəcək.
— Azərbaycan modernləşmə ilə mədəni irsin qorunması arasında tarazlığı necə təmin edə bilər?
— Azərbaycanın inkişaf və irsin qorunmasını paralel şəkildə həyata keçirmək üçün unikal imkanı var. Bakı tarixi kimliklə müasir memarlığın vəhdətinin aydın nümunəsidir. Əsas məsələ şəhər genişlənən zaman mədəni irsə hörmətlə yanaşmaq və eyni zamanda innovasiya ilə dayanıqlılıq prinsiplərini tətbiq etməkdir.
— Azərbaycan və Pakistan arasında mövcud münasibətlər kontekstində şəhər inkişafı sahəsində əməkdaşlıq necə gücləndirilə bilər?
— Azərbaycan və Pakistan arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Şəhər inkişafı sahəsində əməkdaşlıq üçün böyük potensial var. Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov biznes, mədəniyyət, müdafiə və təhsil sahələrində əməkdaşlığın inkişafında fəal rol oynayır. Hər iki ölkə “ağıllı şəhər” layihələri, mənzil təşəbbüsləri və dayanıqlı infrastruktur üzrə birgə işləyə bilər. Bu sahədə ortaq platformalar, bilik mübadiləsi və texniki tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır.
— Azərbaycanın Pakistanda şəhər inkişafı layihələrində iştirak imkanları varmı?
— Bəli, bu imkanlar kifayət qədər genişdir. Azərbaycanın şəhərsalma, infrastrukturun inkişafı və münaqişədən sonrakı bərpa sahəsində təcrübəsi Pakistan üçün çox faydalı ola bilər. Əməkdaşlıq iqlimə davamlı şəhərlərin qurulmasını, müasir mənzil həllərini və xüsusilə sürətlə böyüyən şəhər mərkəzlərində infrastrukturun inkişafını əhatə edə bilər.
Müəllif: Tamilla Məmmədova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.