Bir çox hallarda 10–11-ci sinif oxuyacaq şagirdlər ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını önəmli hesab etmirlər.
Bəs bu imtahanların əhəmiyyəti necə artırıla bilər?
Təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a açıqlamasında bildirdi ki, ümumtəhsil məktəblərinin 9-cu sinfindən buraxılış imtahanları 9-cu sinfə qədər təhsil alan şəxslər üçün o qədər əhəmiyyətli sayılmır:
"Məsələn, 9-cu sinif buraxılış imtahanından sonra iki alanlar belə növbəti mərhələdə 10-cu, 11-ci sinfi oxumuş olacaqlar. Yaxud da bəzi valideynlərin təkidi ilə buraxılış imtahanında yaxşı nəticə göstərməsə belə, 10-cu, 11-ci sinfi davam eləməkdə məcbur ediləcəklər. Bu imtahanlara həvəs göstərənlər kollec və texnikumlara hazırlaşanlar, eyni zamanda qırmızı attestata uyğun qiymətləri olanlardır".
Müsahibimiz vurğuladı ki, 9-cu sinif imtahanlarını nüfuzlu imtahana çevirmək üçün vasitələr axtarmaq, qiymətləndirmə meyarlarında dəyişiklik etmək lazımdır.
"Əgər bu qiymətləndirmədə dəyişiklik olmayacaqsa, müəllim nüfuzuna da bu, müəyyən qədər təsir etmiş olacaq. Çünki şagird müəllimindən ancaq o halda ehtiyat edər ki, o qiymət gələcəkdə onun attestatında aldığı qiymətə təsir etsin. Amma yenə də şagird hər hansı qiymətdən asılı olmayaraq attestat alacaqsa, burada müəllim nüfuzundan söhbət gedə bilməz".
Aytəkin TOFİQQIZI