RU

Tovuz şəhər stadionu hazır deyil - PFL son qərarı nə vaxt verəcək?

Tovuz şəhər stadionunda ot örtüyü dəyişdirildiyinə görə yenio mövsümdə ev oyunlarını “Azərsun Arena”da keçirən “Turan Tovuz” 10-cu turda doğma məkana qayıtdı. Amma göründü ki, ot örtüyü yararlı vəziyyətdə deyil.

Bu stadionda cəmi üç oyun keçirildi və Tovuz klubu yenidən “Azərsun Arena”ya sığındı, ötən ay da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna köçdü. Tovuz stadionu ətrafında yenə müəmmalı durum yaranıb.

Belə ki, ölkədaxili yarışların təşkilatçısı olan PFL-in saytında 27-ci turun aprelin 12-si, saat 18.00-a planlaşdırılan “Turan Tovuz” - “Sumqayıt” matçının keçiriləcəyi yer kimi məhz Tovuz şəhər stadionu göstərilib.

PFL bu stadionun oyunlarını qəbul etməyə hazır olmasıyla bağlı heç bir rəsmi məlumat yaymayıbsa, afişada niyə belə göstərilib?

Klubun mətbuat katibi Süleyman Tağıyev “Futbol+”ə açıqlamasında işlərin davam etdiyini bildirdi. Yəni iş hələ bitməyib. Bəs PFL-in əminliyi hardandı ki, afişada oyunun Tovuzda keçirəcəyi qeyd olunub?

Qurumun Media və Marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq:

“Bildiyiniz kimi, Tovuz şəhər stadionunun ot örtüyündə yaranmış problemlə bağlı Peşəkar Futbol Liqası tərəfindən “Turan Tovuz”un ev oyunlarını müvəqqəti olaraq əvvəlcə “Azərsun Arena”da, daha sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməsinə icazə verilmişdi. Klubun ev oyunlarını Tovuz şəhər stadionunda keçirib-keçirməməsinə isə stadionunda qazonun keyfiyyətinin yoxlanılması və orda test oyununun keçirilməsindən sonra qərar veriləcəyi rəsmi şəkildə açıqlanmışdı. Bu məqsədlə aprelin 6-sı, saat 14.00-da Tovuz şəhər stadionunda U-16 və U-17 komandalarının iştirakı ilə test oyununun keçirilməsinə qərar verilib. PFL nümayəndələrinin də izləyəcəyi oyun lentə alınacaq. Yalnız bundan sonra “Turan Tovuz”un ev oyunlarını Tovuz şəhər stadionunda keçirib-keçirməyəcəyinə dair qərar veriləcək”.
MÜZƏFFƏR QULUZADƏ
Избранный
58
6
football-plus.az

9Источники