RU

Türk Dövlətləri Təşkilatının Bakı görüşü real inteqrasiya prosesini sürətləndirir Ekspert rəyi

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 aprel, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin Bakıda keçirilən görüşü TDT-nin öz inkişafında keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Əvvəlki toplantılarda əsas diqqət institusional çərçivənin qurulmasına, hüquqi sənədlərin qəbuluna və koordinasiya mexanizmlərinin formalaşdırılmasına yönəlirdisə, indi prioritet istiqamət kimi inteqrasiyaya xidmət edən gerçək addımlar, gesiyasi mövzular və təhlükəsizliklə bağlı məsələlər üzrə real layihələr müzakirəyə çıxarılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, aprelin 2-də Bakıda keçirilən görüş çərçivəsində qəbul edilmiş birgə bəyanat konkret sahələr üzrə praktiki əməkdaşlığın dərinləşdirilməsini ehtiva edir. Bu bəyanatda TDT-nin əsasını təşkil edən Naxçıvan Sazişinə və “Türk Dünyası Baxış-2040” strategiyasına istinad olunması olduqca əhəmiyyətlidir. Həmin sənədlər təşkilatın uzunmüddətli inkişaf trayektoriyasını müəyyən etməklə yanaşı, həm də üzv dövlətlər arasında koordinasiyalı siyasət yürüdülməsini nəzərdə tutur ki, bu da yaşadığımız günlərdə çox aktualdır. Sürətlə dəyişən geosiyasi reallıqlar və təhlükəsizlik çağırışları fonunda TDT-yə üzv dövlətlərin mövqelərinin uyğunlaşdırılması və möhkəmləndirilməsi son dərəcə vacibdir. Mövcud geosiyasi reallıqlar fonunda qlobal miqyasda nəqliyyat marşrutlarının yenidən formalaşması, enerji təhlükəsizliyi məsələlərinin ön plana çıxması və regional risklərin artması TDT daxilində koordinasiyanın gücləndirilməsini zəruri edir.

“Təsadüfi deyil ki, Bakı görüşünün iştirakçıları 2026-cı il martın 7-də İstanbulda keçirilmiş Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasının nəticələrini də yüksək qiymətləndirərək bu istiqamətdə ardıcıl dialoqun davam etdiyini vurğulayıblar. Bakı görüşü bir daha göstərir ki, TDT yalnız siyasi platforma deyil, həm də real iqtisadi və infrastruktur layihələrinin icrasını təmin edən əməkdaşlıq mexanizminə çevrilir”,- deyə M.Ələsgərli vurğulayıb.

Ekspert əlavə edib ki, aprelin 2-də keçirilən görüşdə iqtisadi əməkdaşlıq məsələləri xüsusi yer tutub. Üzv dövlətlər arasında ticarət dövriyyəsinin artırılması, qeyri-tarif maneələrinin aradan qaldırılması, investisiya mühitinin yaxşılaşdırılması kimi məsələlər önə çıxarılıb. Nəqliyyat, logistika sahəsində əməkdaşlıq mövzusuna xüsusilə diqqət yetirilib. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) Avropa ilə Asiya arasında alternativ marşrut kimi strateji əhəmiyyəti vurğulanıb. Bu marşurutun inkişaf etdirilməsi yönündə TDT-nin səylərinin artırılmasına rəy verilib.

TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin Bakıda keçirilən görüşünün nəticələrini təhlil edərkən bu qənaət formalaşır ki, toplantı çərçivəsində müzakirə edilən məsələlər, verilən qərarlar üzv dövlətlərin milli maraqlarına xidmət etməklə yanaşı, həm də daha geniş regionda sülh, sabitlik və davamlı inkişaf üçün mühüm zəmin yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
azertag.az

1Источники