RU

Qırğızıstan Azərbaycanın təcrübəsindən istifadə edərək alternativ enerji sektorunu tez bir zamanda dirçəldə bilər - ŞƏRH

Bakı, 3 aprel, AZƏRTAC

Mərkəzi Asiya-Avropa Yaşıl Enerji Dəhlizi beynəlxalq mahiyyətə malik olan, strateji xarakter daşıyan bir layihədir və Qırğızıstanın bu layihəyə qoşulmaq niyyəti ixrac olunacaq enerjini artırmaqla yanaşı iqtisadi səmərəliliyini də artıracaq.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

Deputat ötən gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyevin Avropaya yaşıl enerjinin ixracı üzrə əməkdaşlığa qoşulmaq niyyətini bildirməsinə münasibət açıqlayaraq bildirib ki, Qırğızıstanın böyük enerji potensialı var.

“Ölkənin yalnız dağ çayları hesabına 142,5 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək imkanı var. Hazırda ölkənin enerjiyə olan tələbatının 80 faizi Su Elektrik Stansiyalarında istehsal olunan enerjinin hesabına ödənilir. İqlim şəraitinə görə əlverişli coğrafi məkanda yerləşən Qırğızıstan külək və Günəş enerjisi istehsal gücünə də malikdir. Qırğızıstanda 2040-cı ilə kimi alternativ enerji istehsalının artırılması və bunun üçün sərmayələrin cəlb edilməsi istiqamətində tədbirlər hazırlanır. Hazırda ölkədə enerji infrastrukturu yenilənir və ixrac üçün baza hazırlanır. Bu gün dünya bazarında neftin qiymətinin kəskin şəkildə artması Avropanın enerjiyə olan tələbatını artırıb. Bu baxımdan Avropa İttifaqına (Aİ) daxil olan ölkələr bütün variantlardan istifadə edərək enerji təhcizatlarını şaxələndirməyə çalışırlar. Azərbaycandan təbii qaz alaraq tələbatı qismən ödəyən Avropa dövlətləri Mərkəzi Asiya-Avropa Yaşıl Enerji Dəhlizinə böyük önəm verirlər. Bu baxımdan Aİ Qırğızıstana sərmayə yatırıb bərpaolunan enerji sektorunu inkişaf etdirməkdə maraqlıdır. İstehsal olunan enerji isə Özbəkistan və Qazaxıstan üzərindən Azərbaycana, buradan isə Avropaya tranzit olaraq nəql olunacaq”, - deyə deputat əlavə edib.

S. Qurbanov bildirib ki, Qırğızıstan Azərbaycanın təcrübəsindən istifadə edərək alternativ və bərpaolunan enerji sektorunu tez bir zamanda dirçəldə bilər.

Избранный
41
1
azertag.az

2Источники