RU

Taksidən sonra bu xidmət də bahalaşa bilər

Azərbaycanda avtomobil icarəsi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və bu sahədə əməliyyatların rəqəmsallaşdırılması istiqamətində normativ hüquqi akt layihələri hazırlanır.

Yeni yanaşma çərçivəsində avtomobil icarəsi xidmətlərinin daha şəffaf və effektiv təşkili, həmçinin bazarda vahid qaydaların tətbiqi nəzərdə tutulur.Layihələr üzrə sənədlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə cari ilin sonuna qədər razılaşdırılması prosesi davam etdirilir.

Gözlənilir ki, qəbul ediləcək yeni tənzimləmələr avtomobil icarəsi bazarında xidmət keyfiyyətinin artırılmasına, əməliyyatların rəqəmsal mühitə inteqrasiyasına və istifadəçi məmnuniyyətinin yüksəldilməsinə töhfə verəcək.

Bu tənzimləmələr daha çox hansı problemlərin həllinə yönəlib?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, köhnə sistem vahid və tam rəqəmsal olmadığı üçün proseslər pərakəndə və qeyri-effektiv idi:

“Əvvəllər bu sahədə qismən onlayn imkanlar mövcud olub, lakin vahid platforma olmayıb. Müqavilələr bəzən kağız üzərində bağlanıb və bununla məsələ həll olunmuş hesab edilib. Yəni mərkəzləşdirilmiş baza mövcud olmayıb. İndi isə mərkəzləşdirilmiş baza və rəqəmsal platforma yaradılacaq. Bu da bütün əməliyyatları sadələşdirəcək. 

Bundan sonra bütün proseslər vahid rəqəmsal sistemdə toplanacaq və inteqrasiya olunacaq. Bununla yanaşı, dövlət nəzarəti də gücləndiriləcək.Qanunvericilikdəki dəyişikliklərin əsas məqsədi bu xidmətlərin daha keyfiyyətli və təhlükəsiz səviyyəyə yüksəldilməsidir. 

Burada şəffaflıq, avtomobillərin texniki vəziyyəti, müştərinin hüquqları, daşıyıcıların hüquq və vəzifələri kimi məsələlərin daha mükəmməlləşdirilməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə, əvvəlki sistemdə müəyyən qarışıqlıq mövcud idi, qeyri-rəsmi fəaliyyət halları geniş yayılmışdı:

“Avtomobillərin istismarı ilə bağlı qeyri-leqal fəaliyyətlər, qeydiyyatsız işlər mövcud idi. Qəza baş verdikdə məsuliyyətin kimə aid olduğu bəlli olmur, xəsarət alan şəxslərə və zərərçəkənlərə ödəniş məsələləri ciddi mübahisələr yaradırdı.

Sosial şəbəkələrdə təqdim olunan qiymətlərlə real qiymətlər arasında fərqlər müşahidə olunurdu ki, bu da müəyyən hallarda aldadıcı amillərə səbəb olurdu. Eyni zamanda sığorta məsuliyyəti və məlumat bazasının olmaması da ciddi problemlər sırasında idi”.

Ekspert qeyd edib ki, yeni dəyişikliklər bazarda qayda, şəffaflıq və təhlükəsizliyi artırmağa yönəlib:

“Əsas məqsəd bazarda fəaliyyət göstərən bütün şirkətlərin vahid standartlara əsasən çalışmasını təmin etməkdir. 

Müqavilə münasibətlərinin şəffaf, rahat və qorunan formada qurulması, avtomobillərin texniki vəziyyətinə və sığorta məsələlərinə ciddi nəzarətin təmin olunması bu dəyişikliklərin əsas istiqamətlərini təşkil edir”.

Избранный
29
cebheinfo.az

1Источники