RU

Bahalaşan neft gəlirlərini NECƏ XƏRCLƏMƏLİ?

Mütəxəssis qeyd edir ki, maaş və pensiyalar artırılarsa, əhalinin alıcılıq qabiliyyəti də yüksələr, inflyasiyanın təsiri kompensasiya edilmiş olar

Yaxın Şərqdə davam edən müharibə fonunda qlobal enerji bazarlarında ciddi dalğalanmalar müşahidə olunur və bu, xüsusilə neftin qiymətinin sürətlə bahalaşması ilə özünü göstərir. Geosiyasi risklərin artması enerji resurslarına olan tələbatı və bazar gözləntilərini dəyişdirərək qiymət artımını daha da sürətləndirir.
Neft qiymətlərindəki bu yüksəliş dünya ölkələrinə fərqli təsir edir: enerji idxal edən dövlətlər üçün əlavə maliyyə yükü yarandığı halda, ixracatçı ölkələr üçün bu büdcə gəlirlərinin artması deməkdir. Belə şəraitdə əsas müzakirə mövzularından biri də əldə olunan əlavə gəlirlərin hansı istiqamətlərdə və necə səmərəli istifadə olunmasıdır.
Ekspertlər hesab edir ki, neft gəlirlərinin düzgün idarə olunması həm qısa müddətli iqtisadi sabitlik, həm də gələcək nəsillər üçün strateji əhəmiyyət daşıyır.
VUSAL.jpgİqtisadçı alim Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a deyib ki, neft qiymətlərinin artması ixracatçı ölkələr üçün qısa müddətdə böyük maliyyə üstünlüyü yaradır: "Əlbəttə, əlavə gəlirlərin strateji və uzunmüddətli inkişafı təmin edəcək şəkildə xərclənməsi vacib məsələdir. Ən vacib addımlardan biri isə, əlavə gəlirlərin bir qisminin suveren fondlarda gələcək nəsillər üçün ehtiyat olaraq toplanmasıdır. Məsələn, "Norway Government Pension Fund Global" dünyada ən böyük suveren fondlardan biri sayılır hansı ki, neft gəlirlərinin böyük hissəsini Norveç burada saxlayır. Fondun vəsaitlərinin kiçik bir qismi dünya bazarlarına investisiya edilir, bir hissəsi də büdcəyə yönəldilir. Digər mühüm məsələ də, neftdən asılılığı azaltmaq olmalıdır. Bunun üçün, sənaye və emal sektoru inkişaf etdirilməli, kənd təsərrüfatı modernləşdirilməli, texnologiya və startap ekosistemi dəstəklənməlidir. Uzunmüddətli inkişaf üçün ən effektiv investisiya insan kapitalıdır. Məsələn, keyfiyyətli təhsil sisteminin qurulması, elmi tədqiqatlar və səhiyyənin inkişaf etdirilməsi və s. Həmçinin də, aşağı gəlirli ailələrin həyat səviyyəsini yaxşılaşdırmaq üçün sosial müdafiə mexanizmlərinin genişləndirilməsi. Hazırki vəziyyətdə, əsasən minimum əmək haqqı və pensiyalar müəyyən dərəcədə artırıla bilər deyə düşünürəm”.
WhatsAppMütəxəssis qeyd edir ki, maaş və pensiyalar artırılarsa, əhalinin alıcılıq qabiliyyəti də yüksələr, inflyasiyanın təsiri kompensasiya edilmiş olar: “Xüsusilə, aşağı gəlirli təbəqələr və pensiyaçılar üçün bu artım mühüm sosial dəstək sayılar, gündəlik həyat xərclərini azaltmağa kömək edər. Yoxsulluğun azaldılmasının ən effektiv yolu isə dayanıqlı məşğulluğun təmin edilməsidir. Neft gəlirləri hesabına kiçik və orta biznesə dəstək proqramlarının həyata keçirilməsi çox önəmlidir. Çünki yoxsulluğun azaldılması yalnız maddi yardım deyil, həm də insanların öz gəlirlərini qazana bilməsi üçün imkanların yaradılmasıdır. Dünyada iş yerlərinin böyük əksəriyyətini məhz kiçik və orta biznes təşkil edir. Bu modeldə dövlət sahibkarlara ucuz kreditlər verir, vergi güzəştləri tətbiq edir, biznes mühitini sadələşdirir. Nəticədə, minlərlə yeni müəssisə yaranır və məşğulluq artır. Məsələn, Qazaxıstan neft gəlirlərinin bir hissəsini kənd infrastrukturu, aqrar sektor, regional sənaye zonaları kimi layihələrə yönəldir”.

Afaq Mirayiq,
Musavat.com

Избранный
17
musavat.com

1Источники