RU

''Qalatasaray''da problemlər artır - Bu ulduzlar Trabzonda oynaya bilməyəcək

''Qalatasaray''ı artıq sabah superliqanın 28-ci turunda ''Trabzonspor''la səfər oyunu gözləyir.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi bu önəmli qarşılaşma öncəsi heyətlə bağlı sıxıntılar yaşayır. Zatən qolu qırılan Viktor Osimhenin bu matçda iştirak etməyəcəyi əvvəlcədən bəlli idi. Bu azmış kimi qapıçı Uğurcan Çakır ilə braziliyalı Qabriel Sarada da sıxıntılar var.

Türkiyə yığmasının heyətində DÇ-2026-nın hər iki pley-off oyununda qapısını toxunulmaz saxlayan təcrübəli əlcək sahibi qripə yoluxub. O, çərşənbə gününü xəstəxanada keçirməli olub və dünənki məşqdə də iştirak etməyib. Buna rəğmən Uğurcanın sabiq klubuna qarşı matçda iştirak edəcəyi gözlənilir. Hərçənd bu vəziyyətdə o, oyunun gedişində halsızlıq yaşaya bilər. Üstəlik trabzonlu fanatların oyunboyu ona etiraz edəcəyi gözlənilir. Bu üzdən Okan Buruk Uğurcanı ehtiyatda saxlaya bilər.

Saranın durumu daha ciddidi. Məlum olduğu kimi kimi bu futbolçu ilk dəfə Braziliya yığmasına dəvət almışdı. O, Fransa ilə qarşılaşmanın son anlarında meydana çıxmaqla yığmada debüt etmişdi. Amma Xorvatiya ilə oyunu ehtiyat oyunçular skamyasında keçirmişdi. ''Sambaçı''nın yığmanın düşərgəsindən zədəli döndüyü məlum olub. Onun sol ayağının topuğunda problemlər var. Klubdan verilən rəsmi açıqlamada Saranın müalicəsinə başlanıldığı qeyd olunub. Qeyri-adi bir şey baş verməsə, bu futbolçu Trabzon səfərində komandasına kömək edə bilməyəcək. Hətta onun növbəti turda da oynaması sual altındadı.

''Qalatasaray''ın digər önəmli ismi Leroy Sanenin isə cəzalı olduğunu xatırladaq.

Başqa sözlə desək, ''Cim-Bom'' Trabzonda 3 ulduzunun - Osimhen, Sara və Sanenin xidmətindən yararlana bilməyəcək.

Избранный
30
football-plus.az

1Источники