RU

Yeni epidemiya gəlir – Gizli yayılır

Son aylarda dünyada COVID-19-un yeni variantları ilə bağlı müzakirələr yenidən intensivləşib. Xüsusilə “Cicada” adı ilə tanınan BA.3.2 altvariantı səhiyyə qurumlarının diqqət mərkəzinə çevrilib. “Centers for Disease Control and Prevention” və Ümumdünya Səhiyyə Təşkilatı bu variantın yayılma dinamikasını izləyir və onun xüsusiyyətlərini araşdırır. Paralel olaraq qrip hallarının azalması, lakin mövsümi allergiyaların artması fonunda bu virusun simptomlarını digər xəstəliklərdən ayırd etmək daha da çətinləşib.

BA.3.2 variantı SARS-CoV-2 virusunun mutasiyaya uğramış formalarından biridir və “Cicada” kimi qeyri-rəsmi adla da tanınır. Mütəxəssislərin diqqətini çəkən əsas məqam bu variantın genetik dəyişikliklərinin çox olmasıdır. Bu mutasiyalar virusun yoluxuculuq qabiliyyətinə və immun sistemindən yayınma potensialına təsir göstərə bilər. Hələlik mövcud məlumatlara görə, bu variant ABŞ-də yayılmağa başlasa da, ümumi yoluxmaların kiçik hissəsini təşkil edir. Bununla belə, qlobal miqyasda artıq 20-dən çox ölkədə qeydə alınıb və bəzi regionlarda yoluxmaların təxminən üçdə birinə qədərini təşkil etməsi onun sürətlə yayılma ehtimalını artırır.

Pandemiya

Simptomlara gəldikdə isə BA.3.2 variantı əvvəlki COVID-19 ştamlarına bənzər klinik əlamətlərlə müşayiət olunur. Xəstələrdə ən çox rast gəlinən əlamətlərə hərarət, quru öskürək, boğaz ağrısı, halsızlıq, baş ağrısı və bəzən dad və qoxu hissinin zəifləməsi daxildir. Bununla yanaşı, burun axıntısı və asqırma kimi simptomlar da müşahidə oluna bilər ki, bu da onu mövsümi allergiya və ya adi soyuqdəymə ilə qarışdırmağa səbəb olur. Məhz bu səbəbdən həkimlər diaqnostik testlərin əhəmiyyətini xüsusi vurğulayırlar.

Bu variantın yayılma coğrafiyasına baxdıqda, onun ilk olaraq bir neçə regionda sporadik hallarla ortaya çıxdığı, daha sonra isə Avropa, Şimali Amerika və Asiyanın bəzi ölkələrində qeydə alındığı bildirilir. Qlobal hərəkətlilik və səyahətlərin artması bu cür variantların daha sürətlə yayılmasına şərait yaradır. Bu isə səhiyyə sistemlərini daim hazır vəziyyətdə saxlamağı tələb edir. Mütəxəssislər qeyd edir ki, hazırda BA.3.2 üçün xüsusi, fərdi bir müalicə protokolu mövcud deyil. COVID-19-un digər variantlarında olduğu kimi, burada da əsas yanaşma simptomatik müalicə, ağır hallarda isə xəstəxana şəraitində dəstək terapiyasıdır. Antiviral preparatlar və oksigen dəstəyi kimi üsullar həkim nəzarəti altında tətbiq olunur. Ən vacib məqamlardan biri isə risk qrupunda olan şəxslərin vaxtında tibbi yardım almasıdır. ABŞ-də tanınmış infeksionist, Vanderbilt Universitetinin professoru Uiliam Şafner bu variant barədə danışaraq bildirib ki, onun gələcəkdə dominant olub-olmayacağı hələ qeyri-müəyyəndir. O qeyd edir ki, “bu variantın önə çıxıb-çıxmayacağını zaman göstərəcək” . Yəni hazırda ciddi təhlükə siqnalı verilməsə də, proses diqqətlə izlənir. ABŞ Milli Yoluxucu Xəstəliklər Fondunun tibbi direktoru Robert H. Hopkins Jr. isə bildirib ki, BA.3.2 variantı yayda arta bilər. Onun sözlərinə görə, bu variantın yayılması mümkündür, lakin bunun nə dərəcədə geniş olacağı hələ bilinmir.

Bu variantın ölümcüllüyü ilə bağlı isə hələlik qəti nəticələr yoxdur. İlkin müşahidələr göstərir ki, əksər hallarda xəstəlik yüngül və ya orta ağır formada keçir. Lakin yaşlı insanlar, xroniki xəstəlikləri olanlar və immun sistemi zəif olan şəxslər üçün risk əvvəlki variantlarda olduğu kimi qalır. Ağırlaşmalar əsasən pnevmoniya, tənəffüs çatışmazlığı və yanaşı xəstəliklərin kəskinləşməsi ilə əlaqəli olur. Həkimlər və səhiyyə mütəxəssisləri bu mərhələdə panikaya əsas olmadığını, lakin ehtiyat tədbirlərinin unudulmamalı olduğunu bildirirlər. Xüsusilə qapalı məkanlarda gigiyena qaydalarına riayət etmək, əllərin tez-tez yuyulması, xəstəlik əlamətləri olduqda özünü təcrid etmək və lazım gəldikdə testdən keçmək tövsiyə olunur. Həmçinin risk qrupuna daxil olan şəxslərin qoruyucu tədbirlərə daha ciddi yanaşması vacib sayılır. Mövsümi allergiyaların artdığı yaz aylarında insanlar tez-tez burun axıntısı, asqırma və göz yaşarması kimi əlamətlərlə qarşılaşır. Bu isə COVID-19 simptomları ilə qarışdırıla bilər. Mütəxəssislər bildirir ki, allergiya adətən qızdırma ilə müşayiət olunmur, halbuki virus infeksiyalarında hərarət daha çox rast gəlinir. Bu cür fərqləndirmələr ilkin istiqamət versə də, dəqiq diaqnoz üçün test vacib olaraq qalır.

Yeni

Qeyd edək ki, hazırda dünyada yalnız bu virus deyil, bir neçə fərqli virus da səhiyyə qurumlarının diqqət mərkəzindədir. Bu virusların bəziləri mövsümi xarakter daşısa da, bəziləri müəyyən regionlarda daha ciddi risk yaradır və yayılma potensialına görə izlənilir. Məsələn, son illərdə tez-tez gündəmə gələn viruslardan biri Mpox-dur (keçmiş adı ilə meymunçiçəyi). Bu virus əsasən Afrika ölkələrində yayılmış olsa da, sonradan Avropa və Amerikada da halları qeydə alınıb. Yoluxma əsasən yaxın təmas yolu ilə baş verir və dəri səpgiləri, qızdırma kimi əlamətlərlə özünü göstərir. Əksər hallarda ağır keçməsə də, bəzi risk qruplarında ciddi fəsadlar yarada bilir.

Digər diqqət çəkən viruslardan biri Quş qripi (xüsusilə H5N1 ştamı) hesab olunur. Bu virus əsasən quşlar arasında yayılır, lakin nadir hallarda insanlara da keçə bilir. Mütəxəssislər onun mutasiyaya uğrayaraq insanlar arasında daha asan yayılma ehtimalını diqqətlə izləyirlər. Bu baxımdan potensial pandemiya riski olan viruslardan biri sayılır. Bundan əlavə, xüsusilə tropik və subtropik bölgələrdə Denge qızdırması geniş yayılmaqdadır. Bu virus ağcaqanadlar vasitəsilə ötürülür və yüksək hərarət, əzələ ağrıları, bəzən isə ağır hallarda qanaxma ilə müşayiət olunur. Son illərdə iqlim dəyişiklikləri səbəbindən bu xəstəliyin yayıldığı ərazilər genişlənib. Avropa və Asiyanın bəzi bölgələrində isə yenidən artım müşahidə olunan xəstəliklərdən biri Qızılca-dır. Peyvəndlənmə səviyyəsinin azalması bu virusun yenidən yayılmasına səbəb olur. Qızılca yüksək yoluxuculuğa malikdir və xüsusilə uşaqlar üçün təhlükəli hesab olunur.

Bundan başqa, mövsümi olaraq Qrip virusu da hər il olduğu kimi dövri şəkildə yayılır. Bəzi illərdə daha zəif keçsə də, müəyyən mutasiyalar zamanı xəstəlik daha ağır ola və səhiyyə sistemlərinə əlavə yük yarada bilər.
Mütəxəssislər bildirirlər ki, bu virusların hamısı eyni səviyyədə təhlükəli olmasa da, onların paralel şəkildə dövriyyədə olması diaqnozu və nəzarəti çətinləşdirir. Xüsusilə COVID-19, qrip və allergiya simptomlarının oxşarlığı insanların xəstəliyi vaxtında müəyyən etməsini çətinləşdirir.

Musavat.com

Избранный
18
2
editor.az

3Источники