ŞABAK xarici kəşfiyyatla əməkdaşlıqda şübhəli bilinən şəxsi saxlayıb...
İsraildə təhlükəsizlik orqanları “Al Jazeera” telekanalının İran kəşfiyyatına dolayısı ilə yardım etdiyini iddia edib.
Poliqon xəbər verir ki, bu barədə İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) və polisinin açıqlamasında bildirilib.
Məlumata görə, Qalansua adlı ərəb kəndinin sakini Hüsnü Natur xarici kəşfiyyatla əməkdaşlıq ittihamı ilə saxlanılıb. İstintaq materiallarına əsasən, Natur iş axtarışı zamanı “Al Jazeera” vasitəsilə əlaqə qurub və kanal əməkdaşları onu “düşmən dövlətin” nümayəndəsi ilə təmasda olmağa yönləndirib.
İddialara görə, saxlanılan şəxsin vəzifələrinə qarşı tərəfin maraqları naminə təbliğat xarakterli xəbər resursunun idarə edilməsi daxil olub. Bundan əlavə, “Şir nəriltisi” adlı əməliyyat zamanı Naturun pul qarşılığında raketlərin düşdüyü yerlər və yaralananların sayı barədə məlumatlar toplayaraq ötürdüyü bildirilir.
İsrail tərəfi qeyd edir ki, bu fəaliyyət ölkənin təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir və rəsmi Doha tərəfindən iddialara münasibət hələlik açıqlanmayıb.
Analitiklər hesab edirlər ki, bu cür ittihamlar regionda informasiya müharibəsinin daha da dərinləşdiyini və media strukturlarının da geosiyasi qarşıdurmalarda rolunun artdığını göstərir.
Poliqon.info