RU

“ERMƏNİSTAN UĞRUNDA DÖYÜŞ BAŞLADI” “Ermənilər strateji seçim qarşısındadırlar...”

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Ramiz Yunus,

Xəzər Beynəlxalq Universitetinin politologiya professoru

Ermənistan Baş nazirinin Moskvaya səfəri və Rusiya Prezidenti ilə görüşü gözlənilmədən sadəcə diplomatik hadisə çərçivəsindən çıxaraq, açıq siyasi duelə çevrildi. Canlı efirdə nümayiş olunan iyirmi dəqiqəlik polemika bir həqiqəti ortaya qoydu: Moskva artıq qıcıqlandığını gizlətmir və Ermənistanda təsir imkanları uğrunda mübarizəyə açıq şəkildə daxil olmağa hazırdır.

Müzakirənin xarakterindən belə görünürdü ki, Rusiya lideri görüşə əvvəlcədən hazırlanmış tezislərlə gəlib. Üstəlik, bu tezislər diplomatik etiketə uyğun olmayan, kifayət qədər sərt formada səsləndirildi. Adətən belə siqnallar qapalı qapılar arxasında verilir, lakin bu dəfə Moskvanın mərcini məhz "açıqlığa" qoyması təsadüfi deyil.

Cəmi iki aydan sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilər nəinki Paşinyanın siyasi gələcəyini, həm də ölkənin strateji kursunu müəyyən edə bilər. Tərəzidə dövlətin inkişaf modeli, xarici siyasət orientasiyası və nəticə etibarilə Cənubi Qafqazdakı qüvvələr balansı dayanıb.

Hazırda Moskva və İrəvan arasındakı münasibətlər Ermənistanın müstəqillik tarixinin bəlkə də ən pis dövrünü yaşayır. Bu, o fonda baş verir ki, Rusiya hələ də Ermənistan üçün həm iqtisadiyyatda, həm də hərbi-texniki sahədə 1 nömrəli tərəfdaş olaraq qalır.

Lakin İkinci Qarabağ Müharibəsi bölgədə hər şeyi dəyişdi. Azərbaycanın qələbəsi regiondakı "status-kvo"nu tamamilə alt-üst etdi. Bakı uzun illər işğal altında olan torpaqlarını geri qaytarmaqla yanaşı, hərbi uğurunu siyasi, diplomatik və iqtisadi gücə çevirərək Cənubi Qafqazın tamhüquqlu liderinə çevrildi. Bu gün Moskvanın Bakıya təsir imkanları nəzərəçarpacaq dərəcədə azalıb və Azərbaycanın mövqeyi gücləndikcə bu tendensiya daha da dərinləşir.

Ermənistan isə əksinə, hələ də əhəmiyyətli dərəcədə Rusiyadan asılı vəziyyətdədir. İrəvanın xarici siyasətini şaxələndirmək və Avropada alternativlər axtarmaq cəhdləri hələlik bəyanat xarakteri daşıyır. Amma hətta bu kiçik addımlar belə Kremldə ciddi qıcıq doğurur ki, bu da Moskva görüşündə özünü büruzə verdi.

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun müsahibəsi də Ermənistana ünvanlanmış növbəti xəbərdarlıq oldu. Orada Avropa İttifaqı ilə yaxınlaşmanın ağır iqtisadi nəticələri – qazın qiyməti, Ermənistan məhsullarının Rusiya bazarına çıxışı və digər təzyiq rıçaqları barədə açıq mesajlar yer alırdı.

Digər diqqətçəkən məqam isə Vladimir Putinin erməni əsilli rusiyalı işbaz Samvel Karapetyanın seçkilərdə iştirakını faktiki olaraq dəstəkləməsidir. Bu, həm erməni cəmiyyətinə, həm də siyasi elitasına Moskvanın bu dəfə kimə güvəndiyinə dair birbaşa siqnal idi.

Görünür, Ruben Vardanyan hekayəsi Moskva üçün dərs olmayıb. Xatırladaq ki, vaxtilə bu işbaz Qarabağa "ezam edilmişdi" ki, oradan Ermənistana gəlsin və Paşinyanı devirsin. Lakin plan baş tutmadı və Vardanyan bu gün cinayətlərinə görə Bakı həbsxanasında cəzasını çəkir.

Paşinyan isə öz növbəsində Rusiya Prezidentinə təmkinlə və bəzən ironiya ilə cavab verdi. O, Ermənistan qanunvericiliyinin ikili vətəndaşlığı olan şəxslərin parlamentə seçilməsini qadağan etdiyini xatırlatmaqla Putinin təzyiqini zərif şəkildə dəf etdi.

Qarabağ “kartının” İtirilməsi və "Vaqinqton sülhü"

Görüşdə Qarabağ mövzusu da xüsusi yer tutdu. Rusiya Prezidenti Paşinyanın regionu Azərbaycanın tərkib hissəsi kimi tanımasından və bununla da Moskvanı "vasitəçilik" rolundan məhrum etməsindən narazılığını bildirdi. Ermənistanın Baş naziri isə vurğuladı ki, artıq bu səhifə bağlanıb və İrəvan Bakı ilə sülh müqaviləsinə doğru irəliləyir.

Əsas suayrıcı da məhz buradadır. Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibədən sonra onun postsovet məkanındakı təsiri tədricən zəifləyir. Keçmiş müttəfiq respublikalar müstəqil qərarlar verməyə başlayıblar və Cənubi Qafqaz da istisna deyil.

Ermənistan və Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina edərək birbaşa dialoqa başladılar. Bunun ardınca 8 avqust 2025-ci ildə Vaşinqtonda, ABŞ Prezidentinin iştirakı ilə sülh müqaviləsinin paraflanması Moskvanın aşkar narazılığına səbəb olan addım idi.

Paşinyan daha da irəli gedərək referendum keçirmək və Ermənistanın yeni Konstitusiyasını qəbul etmək niyyətini açıqladı. Bu Konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı hər hansı ərazi iddiası istisna edilməlidir.

Paralel olaraq kommunikasiyaların açılması prosesi başlayıb; artıq Azərbaycan ərazisindən Ermənistana neft məhsulları daşınır, üçüncü ölkələrdən gələn yüklərin tranziti bərpa olunur. Bütün bunlar Ermənistanda sülh tərəfdarlarının mövqeyini gücləndirir və "Qarabağ faktoru"nu xarici təzyiq aləti olmaqdan çıxarır.

Lakin Moskvanın əlində hələ də ciddi iqtisadi rıçaqlar qalır və görünən odur ki, Ermənistanın siyasi gələcəyi uğrunda gedən mübarizədə məhz bu vasitələrdən istifadə olunacaq.

Faktiki olaraq Ermənistan strateji seçim qarşısındadır: ya sülh və yeni regional reallıqlara inteqrasiya kursunu davam etdirmək, ya da qonşularla qarşıdurmaya və Rusiyadan əvvəlki asılılığa qayıtmaq.

Qarşıdan gələn seçkilər əsas suala cavab verəcək: Ermənistan öz siyasətinin subyekti olacaq, yoxsa başqalarının siyasətinin obyekti? Seçim indidən edilməlidir və bu seçimin nəticələri uzunmüddətli olacaq. Corc Oruellin çox dəqiq ifadə etdiyi kimi: "Əgər öz taleyini sən həll etmirsənsə, sənin əvəzinə başqaları həll edəcək".

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
azpolitika.info

1Источники