İtaliya millisinin DÇ-2026-dan kənarda qalmasına yığmanın sabiq üzvü Alessandro Del Pyero da münasibət bildirib.
QOL.az "Football Italia"ya istinadən xəbər verir ki, 51 yaşlı keçmiş hücumçu ardıcıl 3-cü dəfə mundiala vəsiqə qazana bilməməyin rüsvayçılıq olduğunu deyib:
"Bu günlərdə çoxsaylı mənfi emosiyalar yaşayıram - kədər və qəzəbdən tutmuş məyusluğa və inamsızlığa qədər. Düşünürəm ki, bunlar hamımızı əhatə edir. Ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməmək rüsvayçılıqdır. Bunun arxasında duran hər şeyi həll etməliyik. Bir çox məsələ həll olunmalıdır. Təkcə federasiya prezidenti (Federasiya prezidenti Qabriel Qravina istefa verib - QOL.az) ilə bağlı məsələ deyil. Amma düşünürəm ki, bu gün onları həll etməkdən çox uzağıq".
Xatırladaq ki, italyanlar dünya çempionatına vəsiqə verən son pley-off matçında Bosniya və Herseqovinaya uduzaraq (1-1, penaltilərdə 1-4) ardıcıl üçüncü dəfə mundialadan kənarda qalıblar.