Fransa parlamentində Yeni Kaledoniyanın statusu ilə bağlı konstitusiya dəyişiklikləri qəbul olunmayıb...
Poliqon xəbər verir ki, Fransa Milli Assambleyası hökumətin Yeni Kaledoniyanın statusunun dəyişdirilməsini nəzərdə tutan konstitusiya islahatı layihəsini rədd edib. İlkin rədd proseduru üzrə keçirilən səsvermədə layihənin müzakirəsinə qarşı 190 deputat səs verib ki, bu da tələb olunan minimum 149 səsdən xeyli çoxdur.
Məlumata görə, təşəbbüs prezident koalisiyası və “Respublikaçılar” partiyası tərəfindən dəstəklənsə də, sol blok və sağ müxalifət, o cümlədən “Milli Birlik” partiyası tərəfindən kəskin şəkildə rədd edilib.
Fransa prezidenti Emmanuel Makron daha əvvəl bəyan etmişdi ki, Yeni Kaledoniya Fransa tərkibində “yeni dövlət” statusu əldə etməlidir. Bu məqsədlə hazırlanmış islahat paketi ərazinin xüsusi statusunun Konstitusiyada təsbit olunmasını, yerli vətəndaşlıq institutunun yaradılmasını, seçki hüquqlarının genişləndirilməsini, parlamentin tərkibinin dəyişdirilməsini və vergi ilə beynəlxalq səlahiyyətlərin bir hissəsinin yerli hakimiyyətə verilməsini nəzərdə tuturdu.
Yeni Kaledoniya Sakit okeanda yerləşən, təxminən 270 min əhalisi olan Fransa inzibati ərazisidir. Ərazidə Paris hakimiyyətini prezident tərəfindən təyin olunan ali komissar təmsil edir, icra hakimiyyəti isə yerli hökumət tərəfindən həyata keçirilir.
Qeyd edək ki, 2024-cü ildə Yeni Kaledoniyada konstitusiya dəyişiklikləri, xüsusilə miqrantlara seçki hüququnun verilməsi ilə bağlı qərarlar səbəbindən geniş iğtişaşlar baş vermişdi. Analitiklər hesab edirlər ki, parlamentin bu qərarı regionda siyasi sabitliyin qorunması və daxili gərginliyin azaldılması məqsədi daşıyır.
Poliqon.info