RU

Nyu-York birjası Trampın İrana yönəlik açıqlamalarından sonra enişlə açıldı

Nyu-York birjası Trampın İrana yönəlik açıqlamalarından sonra enişlə açıldı

Nyu-York birjası ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücumların davam edəcəyinə dair mesajlarından sonra Yaxın Şərqdə gərginliyin qısa müddətdə azalacağı gözləntilərinin zəifləməsi ilə günü enişlə başlayıb.

AFN.az xəbər verir ki, açılışda "Dow Jones" indeksi 0,2 faiz, "S&P 500" indeksi 0,95 faiz, "Nasdaq" indeksi isə 1,68 faiz geriləyib.

Ağ Evdən xalqa müraciət edən Tramp İran daxilindəki hərbi hədəflərin böyük ölçüdə vurulduğunu, lakin yaxın 2-3 həftə ərzində daha ağır zərbələr endirəcəklərini və razılaşma olmazsa, elektrik stansiyalarını hədəf alacaqlarını bəyan edib.

Bu açıqlamalar fonunda son iki gündə stabilləşən neft qiymətləri yenidən kəskin yüksəlişə keçib. Belə ki, "Brent" markalı neftin bir bareli 8,2 faiz artaraq 109,4 dollara, WTI nefti isə 113,03 dollara çatıb. Neftin bahalaşması ilə "Exxon Mobil" və "Chevron" kimi enerji şirkətlərinin səhmləri dəyər qazansa da, artan enerji xərcləri inflyasiya təzyiqini və FED-in pul siyasəti ilə bağlı qeyri-müəyyənliyi gücləndirib.

Makroiqtisadi tərəfdə isə işsizlik müavinəti üçün müraciət edənlərin sayı gözləntilərdən aşağı – 202 min nəfər olub. İnvestorlar hazırda sabah açıqlanacaq məşğulluq hesabatını gözləyirlər, lakin ölkədə "Müqəddəs Cümə" bayramı ilə əlaqədar bazarlar qapalı olacaq.

Избранный
23
afn.az

1Источники