Los-Ancelesdə bir qadın beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşub.
Publika.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Mişel Blüstoun, Exo-Park rayonundakı sığınacaqdan gözlənilməz zəng alıb: əməkdaşlar "Lola" adlı itinin onlarda olduğunu bildiriblər. Ev heyvanını mikroçip sayəsində identifikasiya etmək mümkün olub.
"Lola" 2021-ci ildə itkin düşmüşdü. Sahibəsinin sözlərinə görə, o, uzun müddət iti axtarıb - elanlar yapışdırıb, sığınacaqlara müraciət edib və zəng gözləyib, lakin zaman keçdikcə ümidini itirərək heyvanın artıq sağ olmadığını düşünüb.
Ötən illər ərzində Blüstounun həyatı dəyişib: o, köçüb, ailə qurub və hətta yeni bir it saxlamağa başlayıb. Lolanın bütün bu illər ərzində məhz harada olduğu məlum deyil.