RU

Ermənistanın dəmir yolu planı, Moskva ilə strateji qarşıdurma dərinləşir



Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin konsessiyası məsələsini müzakirə etdiyini bildirib.

Paşinyan tərəflərin dialoqu davam etdirmək barədə razılığa gəldiklərini deyib.
Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk isə TASS-a müsahibəsində "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin konsessiyasının üçüncü tərəfə satılması üçün heç bir obyektiv səbəbin olmadığını bildirib.

Qeyd edək ki, bu məsələ bir müddətdir gündəmdədir. Nikol Paşinyanın bu təklifi səsləndirməkdə həm siyasi, həm də iqtisadi maraqlar güddüyünü söyləmək olar. Seçkilər ərəfəsində Rusiyanın bu güzəştə gedib-getməyəcəyi isə hələ ki, açıq sual olaraq qalır. Məsələ, təkcə iki ölkə arasındakı iqtisadi münasibətlərlə məhdudlaşmır. Ekspertlər hesab edirlər ki, bu addım həm daxili siyasi gündəm, həm də regionda yeni nəqliyyat marşrutlarının, xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi ilə sıx bağlıdır. Belə bir şəraitdə Kremlin hansı qərarı verəcəyi təkcə, Ermənistan üçün deyil, bütün Cənubi Qafqazın gələcək iqtisadi xəritəsi üçün həlledici ola bilər.

Milli Məclisin deputatı Vüqar Bayramov Musavat.com-a şərhində bildirib ki, Cənubi Qafqazda dəmiryolu xəttinin inkişafı bütövlükdə regionun inkişafı üçün vacibdir:

"Sözsüz ki, Cənubi Qafqazda dəmiryolu şəbəkəsinin genişlənməsi daha çox Zəngəzur dəhlizinin reallaşması nəticəsində mümkün olacaq. Çünki Zəngəzur dəhlizi məhz Azərbaycanın əsas ərazisinin Ermənistan vasitəsilə Naxçıvanla birləşməsinə imkan yaradacaq. Bu, regionun inkişafına xüsusi töhfə verən layihədir. Nəzərə alsaq ki, ilkin mərhələdə dəhlizin ötürmə qabiliyyətinin 15 milyon ton, daha sonra 25 milyon tona qədər artırılması nəzərdə tutulur, Cənubi Qafqazda dəmiryolu xətlərinin inkişaf etməsi bir tərəfdən regionda yerləşən ölkələr arasında əməkdaşlığın güclənməsinə, digər tərəfdən bölgənin inkişafına xüsusi töhfə verəcək. Onu da vurğulamaq lazımdır ki, Rusiya da Azərbaycanın dəmiryolu infrastrukturunu istifadə edən ölkədir, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra onun Şimal-Cənub nəqliyyat dəhlizinə inteqrasiyası Rusiyanın da maraqlarına xidmət edir. Dəhlizin işə düşməsi yalnız Ermənistana yaxud digər Qafqaz ölkələrinə deyil, həm də Türkiyə və Avropaya çıxış imkanı yaradacaq. Buna görə də rasional baxımdan Cənubi Qafqazda dəmiryolu şəbəkəsinin inkişaf etməsi yalnız region ölkələri üçün deyil, o cümlədən digər ölkələr üçün də faydalı hesab olunur”.



Избранный
44
1
aia.az

2Источники