Sumqayıt şəhərində bir ailədən 6 uşaq dəm qazından zəhərlənib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Cəbrayılovlar ailəsində qeydə alınıb. Ailə başçısı Kamil Cəbrayılov “Xəzər Xəbər”ə bildirib ki, 9 uşaqdan 6-sı həmin vaxt hamam otağında olub.
Özü evdə olmayıb. Uşaqların anası isə həyətdə paltar sərirmiş. Uşaqlardan xəbər çıxmadığı görən ana hamam otağına daxil olarkən dəhşət yaşayıb. Uşaqlar bir birinin üstündə yerə yıxılı vəziyyətdə olublar.
Uşaqlara ilk tibbi yardımı qonşuluqda olan Əlvanə Şeydabayeva göstərib. Onun sözlərinə görə, uşaqlara vaxtında müdaxilə edilməsəydi indi onların heç biri həyatda yox idi.
Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.