RU

Gürcüstan VK sədri Azərbaycana gəldi - FOTOLAR

Aprelin 1-2-də Gürcüstan Vəkillər Kollegiyasının (GVK) sədri İrakli Kandaşvili Azərbaycanda rəsmi səfərdə olub.


Manset.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan və Gürcüstan Vəkillər kollegiyaları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəd peşəkar təcrübə, metodiki tövsiyələr, vəkillik sahəsində məlumat mübadiləsi, tərəflər arasında birgə konfransların, seminarların, praktiki məşğələlərin, işçi görüşlərin təşkili və keçirilməsi, həmçinin digər mümkün diskussiya meydançalarında vəkillik məsələlərinin müzakirəsini nəzərdə tutur.

Səfərin ilk günündə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev İrakli Kandaşvilini qəbul edib. Görüşdə dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin dinamik inkişafı xüsusi vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən hüquq və qanunvericilik sistemində həyata keçirilən islahatlar və tətbiq edilən yeni hüquq institutları barədə fikir mübadiləsi aparılıb.

Sonra GVK-nın sədri Azərbaycan Respublikasının Ali Məhkəməsində olub. Qonağı salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan və Gürcüstan arasında bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirib.

Görüş zamanı iki ölkə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri, vəkillik institutunun rolu, məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.

Aprelin 2-də isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasında (VK) İrakli Kandaşvili ilə görüş keçirilib.  

Görüşü giriş sözü ilə açan VK sədri Anar Bağırov qonağı səmimi salamlayaraq Azərbaycan və Gürcüstan xalqları arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayıb. Sədr çıxışı zamanı son illər Kollegiya tərəfindən həyata keçirilən fəaliyyət, vəkillik institutunun inkişafı istiqamətində görülən işlər, ardıcıl və sistemli islahatlar barədə ətraflı məlumat verib.

VK-nın beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini qeyd edən sədr xarici hüquq təşkilatları ilə qurulan səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib. Eyni zamanda Anar Bağırov Kollegiya ilə yerli hüquq-mühafizə orqanları və məhkəmə sistemi arasında səmərəli əməkdaşlığın mövcud vəziyyətindən, vəkilliyə qəbul prosedurlarından, elektron xidmətlərin tətbiqindən, eləcə də gənc hüquqşünaslara göstərilən dəstək mexanizmlərindən danışıb.

Görüşdə Kollegiyanın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə qurumun son illərdəki fəaliyyəti, görülən işlərin vəkillərin sayının artımına və cəmiyyətdə peşənin nüfuzunun yüksəlməsinə birbaşa müsbət təsiri haqqında ətraflı hesabat təqdim edib.

Həmçinin VK Aparatının Maliyyə və təchizat şöbəsinin müdiri Fərhad Fərəcov Kollegiyada tətbiq olunan order markası sistemi barədə təqdimatla çıxış edib. Təqdimat zamanı sistemin mahiyyəti, tətbiq mexanizmi və hüquqi yardım prosesində şəffaflığın, hesabatlılığın və nəzarət imkanlarının artırılmasında rolu ətraflı şəkildə izah olunub.

Qəbul üçün təşəkkürünü bildirən İrakli Kandaşvili GVK ilə VK arasında formalaşmış əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib, Kollegiyanın son illərdə əldə etdiyi nailiyyətləri xüsusi vurğulayıb. GVK-nın sədri qismində ilk rəsmi xarici səfərini Azərbaycana etdiyini bildirən İrakli Kandaşvili ölkəmizin hüquq sistemi ilə yaxından tanış olduğunu qeyd edib. Qonaq vəkillik institutu, hüquq-mühafizə orqanları və məhkəmə sistemi arasında əlaqələrin yüksək səviyyədə qurulduğunu dilə gətirərək, bu təcrübənin qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib.

Görüşün davamında tərəflər arasında fikir mübadiləsi aparılıb, bir sıra maraq doğuran məsələlər, o cümlədən gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib, qarşılıqlı hədiyyələr təqdim olunub.

Daha sonra qonaq VK-nın Hüquqi Yardım Mərkəzi ilə Tədris Mərkəzini ziyarət edərək yaradılmış iş şəraitləri ilə yaxından tanış olub.

Ziyarət çərçivəsində Hüquqi Yardım Mərkəzinin direktoru Afət  Qaziyeva ödənişsiz və dövlət hesabına göstərilən hüquqi yardımın təşkili və tətbiq mexanizmləri barədə ətraflı məlumat təqdim edib, bu sahədə həyata keçirilən institusional tədbirlər, habelə əldə edilən nəticələri nəzərə çatdırıb. Bununla yanaşı, vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində təşkil olunan sosial aksiyalar, eləcə də əhalinin həssas qruplarına göstərilən hüquqi dəstək proqramları barədə məlumat verilib.

Kollegiyanın Tədris Mərkəzinin direktoru Əmir Əliyev isə vəkillərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə tətbiq edilən davamlı tədris sistemi, ixtisasartırma proqramları və müasir təlim mexanizmləri haqqında geniş məlumat təqdim edərək bu istiqamətdə görülən işlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Bundan başqa, qonaq Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyasının fəaliyyət istiqamətləri, görülən işlər, habelə qarşıda duran vəzifələr barədə də ətraflı məlumatlandırılıb. Vəkillərin peşə fəaliyyətində etik qaydalara riayət olunmasının əhəmiyyəti, ixtisas səviyyəsinin artırılması, qəbul prosesinin təkmilləşdirilməsi və peşə standartlarının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, suallar cavablandırılıb.

İrakli Kandaşvili bildirib ki, bu cür əməkdaşlıq hüquqi yardım, təlim, intizam və ixtisas sahələrində təcrübə mübadiləsinin genişlənməsinə, vəkillərin peşəkar inkişafına və beynəlxalq hüquqi əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Həmçinin İrakli Kandaşvili səfər zamanı “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun inzibati binası ilə tanış olub. Nəzərə çatdırıb ki, hazırda büroda 100-dən artıq ölkədən vəkil cübbələri (mantiyaları) toplanıb, VK-nın dəstəyi ilə dünyada ilk dəfə “Dünya vəkil cübbələri və atributları” sərgisi keçirilib və muzeyi yaradılıb.  

Bundan əlavə, qonaq Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib, burada xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumat diqqətə çatdırılıb.

Eyni zamanda İrakli Kandaşvili ADA Universitetində qonaq olub. Universitetdə sədr Azərbaycanın hüquq tələbələri üçün “Effektiv və keyfiyyətli məhkəmə sistemində vəkilin rolu” mövzusunda mühazirə ilə çıxış edib.

Избранный
2
13
manset.az

10Источники