Yaz fəslinin gəlişi ruhumuzu oxşasa da, cismimizi narazı salır. Çünki təbiətin oyanması ilə yanaşı, insan orqanizmində parazit və iltihablar da oyanır ki, bu da müəyyən çətinliklər yaradır.
Havanın tez-tez dəyişməsi, rütubətin artması xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün narahatlıqları artırır. Bu dövrdə ən çox diqqət çəkən problemlərin başında növbənöv allergiya xəstəlikləri gəlsə də, oynaq və sinir sistemi ilə bağlı xəstəliklər də az problemlər yaratmır.
Məhz yaz aylarında revmatizm və radikulit kimi xəstəliklər daha tez-tez özünü göstərir və kəskinləşir.
Revmatizm əslində oynaqlar və birləşdirici toxumalarla bağlı xəstəliklərin ümumi adıdır. Yazda temperatur və rütubətin dəyişməsi oynaq ağrılarını artırır, köhnə iltihabları aktivləşdirir. Bu səbəbdən də diz, çiyin, bel oynaqlarında, onurğada ağrılar yaranır. Səhərlər əzələlərdə daha da sərtləşmə olur.
Radikulit isə onurğadan çıxan sinir köklərinin iltihabıdır. Soyuqdan istiyə keçid, küləkli havada xüsusilə bel-boyun nahiyəsində kəskin ağrılar yaradır. Ağrı boyundan qollara yayılır. Əsasən açıq havada çox olanda bədən “soyuq çəkir”.
Mütəxəssislər tövsiyə edirlər ki, insanlar bu mövsümdə günəşə aldanmasınlar.
Uzun müddət açıq havada, soyuq səthdə oturmasınlar. Əgər ağrılar yüngüldürsə, isti kompres (isti dəsmal, isidici yastıq -“qrelka”) qoymaq olar. Şiş və iltihab varsa qısa müddətli (qoyub-götürməklə) soyuq kompres yaxşı təsir edir. Tam hərəkətsizlik ağrını artırdığı üçün yüngül idman etmək lazımdır. Ev işlərində kəskin hərəkətlər olmaz. Ən yaxşısı günəşli havada qısa gəzintilərdir: bu, oynaqların “paslanmasının” qarşısını alır. İsidici məlhəmlər, təmiz zeytun yağı ilə müntəzəm masaj da işə yarayır. Amma kəskin ağrılar varsa, həkim müdaxiləsi qaçılmazdır.
Şəfiqə Şəfa, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта