ain.az, Newscenter.az saytına istinadən bildirir.
İlham İsmayılov: “Keçirilən hər bir görüş Türk dünyasının inteqrasiyasının sürətlənməsi istiqamətində növbəti addımdır”“Keçirilən hər bir görüş, hər bir toplantı Türk dünyasının inteqrasiyasının sürətlənməsi istiqamətində növbəti addımdır. Sevindirici hal ondan ibarətdir ki, belə görüşlərin keçirilməsinin təşəbbüskarı, mərkəzçi rolunu da məhz Azərbaycan oynayır”.Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, günümüzdə Türk dünyasının inteqrasiyası geridönməz, eyni zamanda vacib bir prosesə çevrilib: “Bu baxımdan təşkilata üzv ölkələrin hökumət başçılarının Bakı görüşünü inteqrasiya prosesində mühüm mərhələ kimi qiymətləndirmək lazımdır. Düzdür, bu görüş protokol xarakteri daşısa da, lakin orada müzakirə edilən məsələlər iqtisadi sahədə də inteqrasiya prosesinin sürətlənməsinə vəsilə olacaq. “Görüş zamanı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, konkret layihələrin icrası və yeni təşəbbüslərin irəli sürülməsi müzakirə olundu. Bildiymiz kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələr geniş təbii resurslara, strateji coğrafi mövqeyə və böyük bazar potensialına malikdir. Bu baxımdan iqtisadi əməkdaşlığın dərinləşdirilməsi təşkilatın əsas prioritetlərindən biridir. Bakıda keçirilən görüşdə nəqliyyat dəhlizlərinin inkişafı, xüsusilə Orta Dəhlizin genişləndirilməsi, xüsusilə Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, oradan dünya bazarlarına çıxarılması, enerji layihələrinin koordinasiyası, ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarının genişləndirilməsi kimi məsələlər əsas müzakirə mövzuları sırasında yer alırdı ki, bütün bunlar da siyasi inteqrasiya ilə bərabər, iqtisadi inteqrasiyanın da ümumi Türk birliyi baxımından nə dərəcədə vacib olduğunu ortaya qoyur”. İlham İsmayılov qeyd edib ki, təşkilata üzv ölkələrin vətəndaş cəmiyyətləri də, eyni zamanda rəhbərlik etdiyi ATXƏM təşkilatı Türk dünyasının inteqrasiyasının sürətlənməsinə dəstək verir:“Məlumat üçün qeyd edim ki, bu il ərzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə TDT-də təmsil olunan ölkələrin ictimai təşkilatlarının iştirakı ilə Bakı forumları keçiriləcək. Eyni zamanda Azərbaycan Şimali Kipr QHT-lərinin Forumunun keçirilməsi layihəsi etimad olaraq ATXƏM-ə verilib. Bu da öz-özlüyündə vətəndaş cəmiyyətlərinin də inteqrasiya proseslərində aktiv olduqlarının göstəricisidir. Bir sözlə Türk dövlətlərinin inteqrasiyası bütün sahələr üzrə inkişaf edir”.İlham İsmayılov xatırladıb ki, may ayında Türküstan şəhərində Türk Dövlətləri başçılarının növbəti Zirvə Görüşü keçiriləcək. Onun sözlərinə görə, 2009-cu ildə Naxçıvanda Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası adı altında yola çıxan türk dövlətləri bu gün TDT çətiri altında birləşiblər.ATXƏM sədri sonda onu da qeyd edib ki, son illərdə Türk dövlətləri arasında əlaqələrin sürətlə inkişaf etməsi qlobal siyasi və iqtisadi dəyişikliklər fonunda xüsusi diqqət çəkir:“Müasir beynəlxalq münasibətlər sistemində regional birliklərin rolu getdikcə artır. Bu baxımdan Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi onların qlobal siyasətdə təsir imkanlarını genişləndirir”.Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.