Dünən Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Paşinyan görüş zamanı qeyd edib ki, Qarabağ hərəkatı davam etdirilməməlidir.
"Mən artıq Ermənistanda açıq şəkildə bildirmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar", - deyə o bildirib.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, həmin görüş zamanı bir çox məsələlər ətrafında geniş müzakirə aparılıb və növbəti dəfə Paşinyan planlarını açıqlayıb.
Millət vəkilinin fikrincə, bu gün Paşinyan anlayır ki, Ermənistanın çıxış yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasındadır:
"Bu açıqlamanın verilməsinin əsas səbəblərindən biri də ondan ibarətdir ki, Ermənistan Azərbaycanla sülhə getməlidir və Ermənistan uzun müddətdir cəmiyyətə bunu aşılayır. Paşinyanın əsas hədəf və məqsədi odur ki, hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın və Ermənistan hazırkı ərazilərini qoruya bilsin. Ermənistan uzun vaxtdır bu dövrü gözləyirdi ki, münasibətlər normallaşsın. Bölgəyə sülhün gəlməsi üçün münasibətlər normal olmalıdır, başqa heç bir formada münasibətlərin normallaşması mümkün deyil. Ona görə də bu Rusiya ilə görüşdə və digər görüşlərdə də Ermənistan davamlı olaraq bunun üçün çalışır və öz fikirlərini bildirir. Əslində, doğru yol da budur, Ermənistan xalqı bunu anlamalıdır. Əks halda, Ermənistan hazırkı dövlət ərazilərini də itirə bilər və daha çətin duruma düşə bilər".
Aytəkin TOFİQQIZI