RU

Rusiya və Ukrayna arasında Pasxa bayramına qədər barışıq ola bilər? AÇIQLAMA

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib ki, Pasxa bayramına qədər Rusiya ilə barışığa hazırdır.

Bəs qısa müddət ərzində tərəflər arasında barışıq real görünürmü?

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Rəşad Bayramov bildirdi ki, Rusiya-Ukrayna müharibəsi kontekstində Zelenskinin Pasxaya qədər barışıq siqnalı verməsi siyasi və diplomatik baxımdan hər nə qədər maraqlı səslənsə də, qısa müddətdə real və dayanıqlı razılaşmanın əldə olunması ehtimalı demək olar ki, yoxdur:

"Əvvəla ona görə ki, müharibənin hazırkı mərhələsi “dondurulmuş münaqişə” mərhələsi deyil, aktiv hərbi qarşıdurma mərhələsidir. Cəbhə xəttində tərəflər mövqelərini möhkəmləndirməyə çalışır və heç biri strateji üstünlüyü itirmək istəmir. Bu isə qısa zaman çərçivəsində barışıq üçün zəruri olan qarşılıqlı güzəştləri çətinləşdirir. Xüsusilə ərazi məsələləri hələ də əsas fikir ayrılığı olaraq qalır. İkincisi, Vladimir Putin rəhbərliyində Rusiya tərəfi müharibəni yalnız hərbi deyil, həm də geosiyasi təzyiq vasitəsi kimi istifadə edir. Moskva üçün atəşkəs yalnız öz şərtlərinin qismən də olsa qəbul edildiyi halda məntiqli görünə bilər. Halbuki Ukrayna tərəfi suverenlik və ərazi bütövlüyü məsələsində geri addım atmağa hazır deyil. Bu fundamental ziddiyyətlər qısa müddətli razılaşmanı struktur olaraq imkansız edir. Digər amil isə beynəlxalq faktorlarla bağlıdır. Qərb ölkələrinin Ukraynaya dəstəyi hələ də davam edir. Yəni Ukraynanın müharibəni davam etdirmək imkanları hələ də mövcuddur. Eyni zamanda, Qərb üçün də bu müharibə yalnız regional deyil, daha geniş təhlükəsizlik arxitekturasının bir hissəsidir. Bu səbəbdən, tələsik və qeyri-sabit bir barışıq Qərb tərəfindən də arzuolunan olmaya bilər".

Müsahibimiz bununla belə qeyd etdi ki, Zelenskinin Pasxa ilə bağlı açıqlamasını tamamilə simvolik saymaq da düzgün olmaz:

"Bu, daha çox diplomatik mesaj xarakteri daşıyır. Ukrayna beynəlxalq ictimaiyyət qarşısında sülhə açıq tərəf kimi görünmək istəyir. Belə jestlər həm siyasi legitimlik qazandırır, həm də potensial vasitəçilərə, məsələn, Türkiyə və ya digər neytral aktorlarla manevr sahəsi yaradır. Qısa müddətli və lokal atəşkəs ehtimalı isə tamamilə istisna deyil. Xüsusilə humanitar məqsədlərlə, mülki əhalinin təxliyəsi, əsir mübadiləsi və ya dini bayram münasibətilə müvəqqəti döyüşlərin dayandırılması kimi addımlar mümkündür. Lakin bunlar strateji barışıqdan çox taktiki fasilə xarakteri daşıyır və müharibənin ümumi gedişatını köklü şəkildə dəyişmir. Uzunmüddətli sülh isə yalnız tərəflərin əsas siyasi tələblərində ciddi dəyişiklik olduqda mümkündür ki, bu da indiki şəraitdə hələ uzaq perspektiv olaraq qalır".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
redaktor.az

2Источники