ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Son illərdə qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər, xüsusilə aparıcı mərkəzi bankların faiz dərəcələrini artırması bir çox ölkələr kimi Azərbaycanın maliyyə sektoruna da təsirsiz ötüşmür.
Beynəlxalq maliyyə bazarlarında borclanmanın bahalaşması, kapital axınlarının istiqamətinin dəyişməsi və risklərin artması yerli bank sisteminə də dolayı kanallarla təsir göstərir.
Bu kontekstdə Azərbaycanda kredit faizlərinin formalaşması yalnız daxili amillərlə deyil, eyni zamanda qlobal maliyyə şərtləri ilə də sıx bağlıdır.
Belə bir şəraitdə qlobal faiz artımlarının yerli bank kreditlərinə hansı mexanizmlərlə ötürüldüyü, bunun ipoteka və istehlak kreditlərinə mümkün təsirləri, eləcə də kredit faizlərinin sabit saxlanılması üçün tətbiq oluna biləcək iqtisadi alətlər xüsusi aktuallıq kəsb edir.
Mövzunun araşdırılması həm maliyyə sabitliyi baxımından, həm də əhalinin kreditə çıxış imkanlarının qiymətləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Maraqlıdır ki, qlobal faiz dərəcələrinin artması Azərbaycanda bank kreditlərinin faizlərinə necə təsir göstərir?
İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, qlobal maliyyə bazarlarında faiz dərəcələrinin artması fonunda bu prosesin Azərbaycan iqtisadiyyatına, xüsusilə bank sektoruna təsiri aktuallıq kəsb edir:

“Aparıcı mərkəzi bankların, o cümlədən ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankı tərəfindən sərt pul-kredit siyasətinin davam etdirilməsi beynəlxalq maliyyə resurslarının dəyərinin yüksəlməsinə səbəb olur.
Bu tendensiya bir sıra ötürmə mexanizmləri vasitəsilə Azərbaycanda kredit bazarına da təsir göstərir. İlk növbədə, qlobal faizlərin artması xarici borclanmanın bahalaşmasına gətirib çıxarır ki, bu da yerli bankların resurs dəyərini yüksəldir.
Eyni zamanda, beynəlxalq kapitalın daha yüksək gəlirli və təhlükəsiz bazarlara yönəlməsi inkişaf etməkdə olan ölkələrdə maliyyə axınlarının azalmasına səbəb ola bilər. Bu isə bank sektorunda əlavə risklərin formalaşmasına və nəticə etibarilə kredit faizlərinə təzyiqin artmasına şərait yaradır”.
O bildirib ki, mövcud şəraitdə Azərbaycanda ipoteka və istehlak kreditlərinin bahalaşması ehtimalı real qiymətləndirilir:
“Bununla belə, ipoteka kreditləri əsasən dövlət dəstəyi ilə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə təqdim edildiyindən, bu seqmentdə faiz artımının təsiri daha məhdud və tədrici xarakter daşıyır.
İstehlak kreditləri isə bazar mexanizmlərinə daha həssas olduğundan, burada faiz dəyişiklikləri daha operativ şəkildə özünü göstərə bilər. Yaranmış risklərin minimuma endirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən çevik pul-kredit siyasətinin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Bu çərçivədə uçot dərəcəsinin optimallaşdırılması, bank sisteminə likvidliyin təmin edilməsi, məcburi ehtiyat normalarının tənzimlənməsi, eləcə də kredit zəmanət və subsidiya mexanizmlərinin genişləndirilməsi mühüm alətlər kimi çıxış edir”.
O qeyd edib ki, qlobal faiz artımı Azərbaycan iqtisadiyyatına dolayı təsir göstərsə də, mövcud makroiqtisadi sabitlik və tətbiq olunan iqtisadi siyasət alətləri bu təsirlərin balanslaşdırılmasına imkan verir.
Aişə Abdulova
“Cebheinfo.az”
Açar sözlər:
kredit Asif İbrahimov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.