RU

Aprel döyüşlərinin qazisi: Qısa müddətdə Talış yüksəkliyi istiqamətində düşmənin 22 postunu ələ keçirdik

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 aprel, AZƏRTAC

2016-cı il aprel ayının 1-nə qədər demək olar ki, hər gün düşmən təxribatlarının şahidi olurduq. Aprelin 1-i bu təxribatlar pik həddə çatdı. Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində dinc əhali arasında yaralananlarımız, şəhid olanlarımız oldu. Düşmən ağır artilleriyadan, iriçaplı silahlardan yaşayış məntəqələrini atəşə tuturdu və Azərbaycan Ordusu bu təxribatın qarşısını almaq üçün əks hücum tapşırığını icra etdi. Qarşıya qoyulan tapşırıqlar yüksək dəqiqliklə icra olundu. Lələtəpə yüksəkliyi və digər strateji postlar, dayaq məntəqələri Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, Aprel döyüşlərinin qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Əhliyət Mehdiyev bildirib.

O qeyd edib ki, Aprel döyüşləri Azərbaycan hərb tarixinə şanlı qələbənin ilk müjdəçisi kimi həkk olunub: “Düşmən elə zənn edirdi ki, bizi pusquya salıb. Lakin çevik manevrlərimiz və koordinasiyalı atəş dəstəyimiz sayəsində itki vermədən onların səngərlərinə daxil olduq. Talış yüksəkliyi istiqamətində qısa müddətdə düşmənin 22 postunu ələ keçirdik. Düşmən itirdiyi mövqeləri geri qaytarmaq üçün böyük qüvvə cəmləşdirib əks-hücuma keçsə də, döyüşçülərimiz son nəfəsinə qədər vuruşaraq həmin strateji yüksəklikləri qoruyub saxladılar. O döyüşlərdə komandirlərimiz və silahdaşlarımızın hər biri əsl qəhrəmanlıq dastanı yazdı”.

“Aprelin 2-dən 3-nə keçən gecə, səhərə yaxın düşmən itirdikləri mövqeyi geri qaytarmaq üçün həmin ərazilərə aramsız mərmi yağdırırdı. Mərmilərdən biri mənim olduğum yerə düşdü. Dəhşətli partlayış oldu. Mən və döyüş yoldaşım orada yaralandıq”, - deyən qazi o günləri xatırlayıb.

Aprel döyüşlərinin qazisi bildirib ki, bu tarixi hadisə gələcək böyük Zəfərə gedən yolda sarsılmaz bir zəmin yaratdı: “Xalqımızın uzun illərdir Azərbaycan Ordusundan böyük gözləntisi var idi. Aprel döyüşlərində əldə etdiyimiz qələbə göstərdi ki, əgər ordumuzun yalnız kiçik kəşfiyyat bölmələri cəlb olunmaqla belə böyük uğur qazanırıqsa, deməli, Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandanın verəcəyi döyüş əmri ilə bütün torpaqlarımızı azad etməyə tam qadirdir. Biz 44 günlük Vətən müharibəsində bunun canlı şahidi olduq. İnanıram ki, Azərbaycan xalqı qəhrəman şəhidlərimizi, onların ailə üzvlərini və müharibə iştirakçılarını heç vaxt unutmayacaq, onlara olan sevgi və ehtiram hər zaman uca tutulacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
18
azertag.az

10Источники