RU

Aprel döyüşləri: şəhidlərimizin qəhrəmanlığı, milli iradə və dövlət siyasətinin zəfərə aparan yolu

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Azərbaycanın müasir tarixində 2016-cı ilin Aprel döyüşləri xüsusi yer tutur. Bu döyüşlər təkcə cəbhə xəttində əldə olunan hərbi uğur deyil, həm də xalqın milli iradəsinin, dövlətin siyasi qətiyyətinin və şəhidlərimizin misilsiz qəhrəmanlığının təcəssümü kimi yadda qalıb. Bu gün Aprel döyüşlərinin ildönümündə Azərbaycan xalqı Vətən uğrunda canından keçən bütün şəhidlərini, o cümlədən qəhrəman generallarımızı və zabitlərimizi dərin ehtiramla yad edir. Aprel döyüşləri Ermənistanın növbəti hərbi təxribatına Azərbaycan Ordusunun verdiyi qətiyyətli cavab idi”.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında politoloq Nicat İsmayılov bildirib ki, qısa müddətdə həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində strateji yüksəkliklər və mühüm ərazilər işğaldan azad edildi, bu hadisə uzun illər davam edən status-kvonun dəyişməz olmadığına dair həm regiona, həm də beynəlxalq ictimaiyyətə ciddi mesaj verdi.

Nicat İsmayılov

Politoloq qeyd edib ki, bu döyüşlərdə Azərbaycan əsgərinin qəhrəmanlığı, zabit heyətinin peşəkarlığı xüsusi vurğulanmalıdır: “Qəhrəmanlıq salnaməsində öz adı ilə əbədiləşən şəxsiyyətlərdən biri də General-Mayor Polad Həşimov oldu. General Həşimov yalnız bir hərbçi deyil, həm də vətənpərvərliyin, liderliyin və xalqına bağlılığın simvoluna çevrildi. Onun və digər şəhidlərimizin göstərdiyi fədakarlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq və gələcək nəsillərə örnək olacaq.

“Aprel döyüşləri həm də xalq-ordu birliyinin ən yüksək səviyyədə təzahürü idi. Həmin günlərdə minlərlə gəncin könüllü olaraq cəbhəyə yollanmaq istəyi, cəmiyyətin bütün təbəqələrinin dövlətin yanında olması Azərbaycanın milli həmrəyliyinin gücünü nümayiş etdirdi. Bu birlik yalnız hərbi uğurlara deyil, həm də siyasi mövqeyin möhkəmlənməsinə xidmət etdi. Bu uğurların təməlində isə düşünülmüş və ardıcıl dövlət siyasəti dayanır. Azərbaycan Respublikasının cənab Prezideni İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin hərbi potensialı əhəmiyyətli dərəcədə gücləndirildi. Ordunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi, hərbi kadrların peşəkarlığının artırılması Aprel döyüşlərində əldə olunan qələbənin əsas amillərindən biri oldu”-deyə politoloq vurğulayıb.

Nicat İsmayılov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət də bu prosesdə mühüm rol oynadı: “Azərbaycan beynəlxalq müstəvidə öz haqlı mövqeyini ardıcıl şəkildə müdafiə edərək, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalı olduğunu daim gündəmdə saxladı. Bu siyasət nəticəsində Azərbaycan həm diplomatik, həm də hərbi sahədə üstün mövqe qazandı”.

“Aprel döyüşləri eyni zamanda 2020-ci ildə baş vermiş Vətən müharibəsinin başlanğıc nöqtəsi kimi qiymətləndirilir. Dörd günlük müharibə zamanı əldə olunan hərbi təcrübə, psixoloji üstünlük və strateji mövqelər sonrakı böyük zəfərin əsasını qoydu. Bu baxımdan Aprel döyüşləri Azərbaycanın zəfər yolunun mühüm mərhələsidir.

Bu gün Aprel döyüşlərinin ildönümündə bir daha aydın görünür ki, şəhidlərimizin qanı yerdə qalmadı. Onların fədakarlığı nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, regionda yeni reallıqlar yaratdı və milli qürurunu bütün dünyaya nümayiş etdirdi.

Aprel döyüşləri, şəhidlərimizin qəhrəmanlığı və dövlət başçısının həyata keçirdiyi uzaqgörən siyasət bir-biri ilə vəhdət təşkil edərək Azərbaycanın tarixi qələbələrinə yol açdı. Bu gün hər bir azərbaycanlı bu qürurverici tarixi həm ehtiramla yad edir, həm də gələcəyə daha böyük inamla baxır. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların uğrunda can verdiyi Vətən isə əbədi olaraq var olacaq”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
50
icma.az

10Источники