RU

Yağışda avtomobil nömrəsini itirənlər nə etməlidir? -HÜQUQŞÜNAS DANIŞDI

“Qanunvericiliyə əsasən, nəqliyyat vasitələrinin qeydiyyat nişanlarının (dövlət nömrə nişanlarının) dublikatının verilməsi nəzərdə tutulmayıb. Mövcud qaydalara görə, belə hallarda yalnız qeydiyyat nişanının dəyişdirilməsi mümkündür və bu prosedur əsasən təhlükəsizlik baxımından həyata keçirilir. Bu yanaşmanın məqsədi mümkün hüquq pozuntularının, o cümlədən nəqliyyat vasitələrinin cinayət hadisələrində istifadəsinin qarşısını almaq və nəzarət mexanizmlərini daha effektiv təmin etməkdir”.

Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.

Onun sözlərinə görə, qeydiyyat nişanının itirilməsi və ya yararsız vəziyyətə düşməsi hallarında vətəndaşlar yeni nömrə nişanı əldə edə bilərlər:

”Bunun üçün sürücülər müvafiq qaydada Dövlət Yol Polisi orqanlarına müraciət etməli, tələb olunan sənədləri təqdim etməli və qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumlarını ödəməlidirlər. Bu prosedurdan sonra nəqliyyat vasitəsinə yeni qeydiyyat nişanı verilir və əvvəlki nömrə hüquqi qüvvəsini itirir.

Eyni zamanda, vətəndaşların hüquqlarının qorunması baxımından vacib məqamlardan biri də odur ki, qeyd olunan xidmətlər yalnız rəsmi qaydalar çərçivəsində və qanunla müəyyən edilmiş ödənişlər əsasında həyata keçirilməlidir. Əgər sürücülərdən əlavə, qeyri-rəsmi və ya qanunsuz ödənişlər tələb olunarsa, bu halda onlar aidiyyəti qurumlara müraciət etmək hüququna malikdirlər. Belə hallarda Baş Dövlət Yol Polisi İdarəsinə, Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmək mümkündür.

Qeydiyyat nişanları ilə bağlı prosedurların əsas məqsədi nəqliyyat sistemində şəffaflığın, təhlükəsizliyin və hüquqi nəzarətin təmin edilməsidir. Bu qaydalara riayət olunması həm sürücülərin hüquqlarının qorunmasına, həm də ümumi ictimai təhlükəsizliyin təmin olunmasına xidmət edir”.

Müəllif: Günay Hacıyeva
Избранный
28
sia.az

1Источники