Son illər Azərbaycan siyasi meydanında siyasi təfəkkür və partiya modeli haqqında geniş müzakirələr gedir və bu diskussiyalar ölkənin demokratik inkişafı ilə bağlı əsas suallardan birini gündəmə gətirir. Azərbaycan müstəqillik qazandığı ilk illərdən başlayaraq müxtəlif siyasi partiyalar və ictimai təşkilatlar formalaşsa da, bu aktorların bir çoxu mahiyyət etibarilə “siyasi dərnək”, yəni cəmiyyətin real problemlərinə cavab verən struktur olaraq deyil, uzunmüddətli konsept və ideologiya olmadan fəaliyyət göstərib.
Bu tendensiyanın kökləri Azərbaycan müstəqilliyinin ilkin illərinə qədər uzanır. Həmin dövrdə yaranan siyasi partiyaların əksəriyyəti çoxsahəli demokratik müzakirələr və məsuliyyətli ideoloji təməl əvəzinə şəxsi ambisiyalar, şəxsi maraqlar və qısa müddətli siyasi rəqabət üzərində qurulub. Bu səbəbdən də adətən müəyyən siyasi şəxsiyyətlərin adı ilə əlaqələndirilən bu qurumlara ictimaiyyətin etimadı zəif olub. Həmçin dövrlərdə yaradılan partiyaların bir çoxunun artıq sıradan çıxması da deyilənlərin bariz göstəricisidir. Reallıq budur ki, ölkəmizdə siyasi sistemin inkişafı üçün yalnız partiya sayının çoxluğu kifayət deyil, siyasi institutların mahiyyətcə peşəkar, ideoloji strukturlaşmış və cəmiyyətin geniş sosial problemlərini həll etmə qabiliyyətinə malik olması vacibdir.
Azərbaycan dövlətinin yürütdüyü siyasət, bu zəif institutların gücləndirilməsi və demokratik müzakirə mədəniyyətinin təşviqi ilə bağlıdır. Son illərdə siyasi dialoqa daha çox üstünlük verilməsi, partiyaların şəffaf çalışmasına şərait yaradılması və müxalifətlə münasibətlər sahəsində yeni dialoq mexanizmlərinin formalaşdırılması bunun əyani təzahürüdür. Dövlət başçısı tərəfindən siyasi partiya institutunun modernləşdirilməsi və dialoqun dərinləşdirilməsi istiqamətində verilən mesajlar, Azərbaycanda siyasi proseslərin məna dolu və məhsuldar müzakirələrə dönüşməsi üçün zəmin yaratdı deyə bilərik.
Əslində, sağlam siyasi mübarizə yalnız iqtidar-müxalifət qarşıdurmasından ibarət deyil. O, ideyaların, strateji konsepsiyaların və proqramların müzakirəsi, həmçinin qarşılıqlı etimad üzərində qurulan dialoq mədəniyyətidir. Demokratik institutlar, yəni, seçki qanunvericiliyi, siyasi partiyalar, fəal vətəndaş cəmiyyəti yalnız formal mövcudluqla qiymətləndirilə bilməz. Bu institutlar real ictimai problemlərin həllinə yönəlməli, strukturlaşmış strateji məqsədlər ortaya qoymalı və öz fəaliyyətini cəmiyyətin gələcək inkişafına uyğunlaşdırmalıdır.
Azərbaycanın siyasi inkişaf təcrübəsi göstərir ki, siyasi partiyaların və müxalifətin rolu zaman keçdikcə dəyişir və bu dəyişiklikdə məsuliyyətli dialoq və konsensus axtarışı əsas rol oynayır. Siyasi fəaliyyətin yalnız müxaliflik adından deyil, həm də konstruktiv dialoqa, cəmiyyətin ehtiyaclarını qarşılayan proqramlara fokuslanması lazımdır. Bu isə siyasi institutların təməl ideoloji və institusional yeniləşməsinə bağlıdır.
Bu kontekstdə, “siyasi dərnək” təfəkkürü adlandırılan yanaşma artıq keçmişin köhnəlmiş nümunəsi kimi qiymətləndirilə bilər. İctimai-siyasi sistemin modernləşdirilməsi, siyasətin peşəkarlaşması, vətəndaşların etimadını qazanmış siyasi aktorların formalaşması üçün davamlı islahatlar və diyalog mexanizmləri tələb olunur. Bu proses cəmiyyətin siyasi mədəniyyətinin dərinləşməsi, ayrıca yeni nəsil siyasətçilərin yetişməsi və institusional dayanıqlığın güclənməsi ilə müşayiət olunmalıdır.
Qısacası, Azərbaycan siyasi reallıqları göstərir ki, siyasi institutların keyfiyyətli transformasiyası ölkənin demokratik inkişafı və uzunmüddətli siyasi stabilliyi üçün əsas şərtdir. Bu isə yalnız formal fəaliyyət əsasında yox, məzmunlu, konstruktiv, strateji yaradıcılıqla mümkündür.